"Azərbaycan boksu həmişə dünyada liderlik edib. Nəriman Abdullayev, Vaqif Şirinov, Məmməd Eyvazov kimi məşqçilər həmişə Yay Olimpiya Oyunları və dünya çempionatlarından medallarla qayıdıb, çempionluq sevinci yaşayıblar". Sport24.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə kişi boksçulardan ibarət milli komandamıza yeni baş məşqçi təyin olunan Ravşan Xocayev deyib.

 

Özbəkistanlı baş məşqçi təyinatı ilə bağlı bunları bildirib: "Son üç Olimpiadada mən də iştirak etmişəm, Azərbaycan boksçularını izləmişəm. Onlar Olimpiadalarda gümüş və bürünc mükafatlar qazanılıblar. Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Boksdan danışsaq, şəxsən mən bir mütəxəssis kimi düşünürəm ki, yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır. Ölkənin çox sayda istedadlı oğlanlarının olduğu rayonlarında şərait yaratmaq və gələcək üçün həmin bölgələrdə boksu inkişaf etdirmək lazımdır. İnanıram ki, biz buna nail olacağıq".

 

Xocayevin sözlərinə görə, 2023-cü ilin sentyabrından Azərbaycan boksçularının uğurlu çıxışı üçün müxtəlif yaş qruplarına nəzarət edib və bu, öz bəhrəsini verib: "Məni ötən ildən Azərbaycan Boks Federasiyasının texniki direktor vəzifəsinə dəvət etdilər. Vəzifəm yığmalara nəzarət etmək və hazırlıq proseslərində iştirak etmək idi. Məşqçi olduğum üçün kənarda qala bilmədim, boksçu hazırlamağa, gənclər və Elbrus Rzayevin çalışdığı 19-22 yaşlılardan ibarət komandaların hazırlığına kömək etməyə başladım. Onunla birlikdə iki qızıl medal əldə etdiyimiz Avropa çempionatında yaxşı nəticələr qazandıq, son illərdə 19-22 yaşlılar arasında iki Avropa çempionatında da maksimal nəticələrə imza atdıq. Monteneqroda təşkil olunan gənclərin dünya çempionatında da yaxşı nəticələr göstərdik. Qızıl medal qazanmasaq da, nəticələrin pis olmadığını düşünürəm. Çünki Azərbaycan boksçuları Kuba, Rusiya, Qazaxıstan kimi ölkələrdən olan güclü rəqibləri məğlub etməyə başladılar".

 

O, milli komandamızda əsas hədəfini də açıqlayıb: "Bu, Azərbaycan üçün Olimpiya çempionu verməkdir. Çünki müstəqillik illərində ölkə boksunda belə nəticə olmayıb. Əlbəttə ki, buna idmançıların özünün, məşqçilərin və federasiya rəhbərliyinin köməyi ilə çatmaq olar".