Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə beynəlxalq yarışda iştirak edəcək.

Sport24.az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin çalışdırdığı kollektiv İstanbulda təşkil olunacaq Boğaziçi turnirinə 3 idmançı ilə yollanacaq.

Qardaş ölkədəki turnirdə Məhsəti Həmzəyeva (57 kq), Məryam Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) gücünü yoxlayacaq. Komandamız səfərə bu gün saat 12:05-də çıxacaq.

Yarışda ölkəmizi qadın boksçularla yanaşı, Türkiyədə təlim-məşq toplanışında olan kişilərdən ibarət yığmamız da təmsil edəcək. Kastamonu şəhərində hazırlıq keçən 13 idmançımız – Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (hər üçü 69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) uzun fasilədən sonra rinqə çıxacaq.

Boğaziçi turnirdə Azərbaycanı hakim kimi isə Emin Qurbanəliyev təmsil edəcək.

Martın 16-da start götürəcək və 5 gün davam edəcək yarışda 29 ölkədən 202 (128 kişi, 74 qadın) boksçunun iştirakı gözlənilir.