"Zirə"nin futbolçusu Leroy Mikelsin Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının XVI turunda "İmişli" ilə qolsuz heç-heçə etdiniz. Səncə, niyə qalib gələ bilmədiniz? Meydanda effektsiz görünürdünüz…
- Elə çatışmayan cəhət də bu idi. Hücum xəttindəki effektliyimiz nəzərə çarpacaq dərəcədə özünü göstərmədi. Əgər təbii ki, qol vura bilsəydik, böyük ehtimalla qalib gələrdik. Təəssüf ki, olmadı.
- Bu mövsüm artıq ikinci dəfə "İmişli"yə qalib gələ bilmədiz. Onlara qarşı oynamağın xüsusi çətinliyi var?
- Təbii ki, məşqçilərinin xüsusilə müdafiə planındakı effektiv ideyası nəzərə çarpır. Bu səbəbdən də çox da qol vəziyyətləri yaratmaq olmur. Amma ümumilikdə biz öz cəhdlərimizi etdik. Əlbəttə ki, qol vurmaq və qalib gəlmək istəyirdik.
- Artıq mövsümün ilk yarısı başa çatdı. İstədiyiniz yerdəsiz?
- Hazırda 3-cü pillədəyik. Amma düşünürəm ki, daha çox xal yığmaq ehtimalımız da var idi. Ölkə kubokunun ¼ finalında da mübarizə aparacağıq. Hələ də avrokuboklar uğrunda mübarizə aparmağımız real görünür. Mövsüm davam edəcək, bu mübarizə uğrunda sona qədər çalışacağıq.
- Ruanda yığmasının baş məşqçisi Adel Amruş da "Zirə" – "İmişli" oyununu izləyirdi. Matçdan əvvəl bu haqda məlumatın var idi?
- Bəli, bəli xəbərim var idi. O, gəlməmişdən əvvəl mənə məlumat vermişdi. Matçda milli üçün oyunçuları görmək istədiyini bildirmişdi.
- Oyundan sonra sən və qardaşlarınla da söhbət etdi. Coy Lenslə birlikdə Ruanda yığmasında oynayacaqsan. Ümumiyyətlə, proses necə baş verdi, niyə Konqo yox, Ruanda yığması?
- Bildiyiniz kimi, Anj Mutsinzi də Ruanda yığmasında yer alır. Mənim nənəm Ruandadadır. Elə buna görə Anj bizi Ruanda yığmasına təklif etmişdi. Hər şey də bundan sonra başladı.
- Əslində, bu sual bir dəfə qardaşın Coy-Lensə verilib, bunu sənə də vermək istəyirdim. Misli Premyer Liqası yox, Mikels Premyer Liqası demək olar? Üç qardaş da bu liqada klublarında aparıcı oyunçudur...
- Fikirləşirəm ki, bəlkə də çempionat başa çatandan sonra "Sabah" çempion olacağı təqdirdə, qardaşım da çempionluq görsə, o halda Mikels çempionatı adlandıra bilərsiniz (gülür).
- "Sabah"ın çempionluğunu real görürsən? "Qarabağ"ı da məğlub etdilər. "Zirə"nin daha çox şansı var, yoxsa "Sabah"ın?
- Çempionat uzun marafondur. Mövsümün ikinci yarısında çoxlu enişlər və yoxuşlar ola bilər. "Sabah" hazırda 1-ci pilləyə layiqdir. Gələcəkdə necə olacağını görəcəyik.
- Bayramı Bakıda keçirəcəksən, yoxsa Almaniyada?
- Almaniyaya gedəcəm. Ola bilsin ki, sonradan Niderlanda da gedərəm. Sadəcə 10 günlük vaxtımız var.