"Ötən gün "Şəmkir" üzərində qələbə qazanaraq çempion olduq. Çox gözəl hisslər keçirirəm. "Xankəndi" ilə müqavilə imzaladığım ilk gündən demişdim ki, bu adın tarixində yer almaq böyük qürurdur". Bunu Sport24.az-a açıqlamasında komandanın baş məşqçisi Zaur Hacıyev bildirib.

Mütəxəssis komandasının İkinci Liqada çempion olması ilə bağlı təəssüratlarını bölüşüb:

"Düşünürəm ki, bu komanda təkcə Birinci Liqada deyil, gələcəkdə Premyer Liqada da çıxış etməlidir. Mövsüm ərzində uzun və çətin marafon keçdik. Xüsusilə əsas rəqibimiz "Qaradağ Lökbatan"la oyunlarımız ağır keçdi. Çempionluq heç də asan başa gəlmədi. Bu uğurda klub rəhbərliyinin böyük əməyi var. Futbol ciddi maliyyə dəstəyi tələb edən idman növüdür. Rəhbərliyin qayğısı və dəstəyi olmasaydı, belə nəticə əldə etmək çətin olardı. Futbolçularımıza da təşəkkür edirəm. Bəzi çətin səfər oyunlarında böyük əzmkarlıq göstərdilər. Ümumilikdə, bütün "Xankəndi" ailəsini və azarkeşlərimizi təbrik edirəm. Klubla müqaviləm başa çatır. Yaxın günlərdə rəhbərliklə müzakirələrimiz olacaq. Ümid edirəm ki, ortaq məxrəcə gələ biləcəyik. Birinci Liqaya yüksəldiyimiz üçün komandada müəyyən dəyişikliklərin olması qaçılmazdır. Amma planlar tam dəqiqləşmədiyindən bu barədə hələlik konkret danışmaq istəmirəm".

Qeyd edək ki, "Xankəndi" yeni "futbol ili"ndə I Liqada mübarizə aparacaq. Turnir cədvəlinin ikincisi "Qaradağ Lökbatan" isə I Liqanın 9-cusu ilə pley-off oynayacaq.