Premyer Liqanın XXVIII turu çərçivəsində baş tutan "Səbail" - "Turan Tovuz" matçından sonra "dənizçilər"in futbolçusu Yusif Nəbiyev Sport24.az-ın suallarını cavablandırıb.

 

- Bu gün gərgin oyun oldu. Necə düşünürsən 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- Ayxan müəllim çox yaxşı, döyüşkən komanda formalaşdırıb. Əvvəlcədən bilirdik ki, olduqca çətin qarşıdurma olacaq. Hər iki komandaya xal hava-su kimi lazım idi. Onların da, bizim də fərqlənmək üçün yaxşı imkanları oldu. Hesab edirəm ki, ədalətli nəticə oldu.

 

- "Turan Tovuz"la oyunda həm də qardaşın Fəridə qarşı oynayırsan. Bu matçda Fərid sürətli hücuma çıxarkən onu formasından dartıb saxladın. Referi qayda pozuntusu qeydə alsa da, vərəqə göstərmədi. Tovuz cəbhəsi isə hamılıqla vərəqə tələb etdi. Səncə, hakim humanistlik etdi, yoxsa orda "sarı"lıq heç nə yox idi?  
- Bu barədə nəsə deyə bilmərəm. Qayda pozuntusu var idi və hakin fitini səsləndirdi. Bəlkə də rəsmi xəbərdarlıq olmalıydı, amma referi əlini cibinə salmadı. İstənilən halda bu barədə dəqiq nəsə deyə bilmərəm.

 

- "Qarabağ" erkən çempion oldu. Buna münasibətin?  
- Onları təbrik edirəm. Təbii ki, çox istəyərdik çempionatımızda birincici yerin sahibinin adına tez aydınlıq gəlməsin, heç olmasa mövsümün sonuna 2-3 tur qalana kimi intriqanın davam etməsi yaxşı olar. Reallıq budu ki, ağdamlılar digər klubları bir neçə baş üstələyir. Ümid edirəm ki, növbəti mövsümdə çempionluq uğrunda bir neçə komanda mübarizə aparacaq.

 

- Qarşıda 8 tur var. Səncə, mükafatçılar sırasına düşə biləcəksiz?
- Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Amma biz maksimum çalışırıq ki, qitəmiqyaslı turnirə qatılaq. Hər oyuna qələbə üçün çıxırıq. Fikrimcə, 8 oyunda çox şey dəyişə bilər. Sona qədər mübarizə aparacağıq.

 

- Legioner həyatı yaşamaq istərdin?
- Hər bir futbolçu istəyər ki, ən azı bir dəfə legioner həyatı yaşasın. Hələ ki, "Səbail"dəyəm. Müqaviləmin müddəti yayda başa çatır.  Sərfəli təklif olsa, dəyərləndirərəm.

 

- Xarici və ya yerli klublardan təkliflərin var?
- Hələlik bütün fikirimi komandamın qarşıdakı 8 oyununa fokuslamışam. Ona görə də o barədə nəsə deyə bilməyəcəm

ABDULLA İSMAYILOĞLU