Premyer Liqamızda üçüncü dövrə də arxada qaldı. Son turun müzakirəsiylə bağlı "Mütəxəssis rəyi" rubrikasının qonağı təcrübəli mütəxəssis, cari mövsümün ilk yarısında "Keşlə"nin baş məşqçisi olmuş Yunis Hüseynov olub. 

- Şərikli liderlərin son turda xal itkisini millinin matçlarından sonra gözləyirdiniz, yoxsa bu, sizin üçün sensasiya oldu?

- Yox, mənim üçün sürpriz deyildi. Gözləyirdim belə gedişatı. Bilirsiniz, nəyə görə? Məlumdu ki, "Neftçi" "Sumqayıt"la matçlarda qələbə baxımından çətinliklə üzləşir. Bu, futboldu, o demək deyil ki, oyunları nəsə alınmır. "Sumqayıt" həmişə "Neftçi"yə qarşı yaxşı oynayır. Bundan əlavə, "Neftçi" və "Qarabağ"a qarşı oynayanda rəqib futbolçularda motivasiya tam başqa olur. İnandırım sizi ki, "Keşlə"də işlədiyimdə də bunu hiss edirdim, həmin rəqiblərlə görüşlərdə futbolçulara motivasiya vermək lazım deyil. Özləri-özlərini motivasiya edirlər, çünki Azərbaycanın ən güclü komandalarıdı ikisi də. Hər bir futbolçu istəyər ki, gedib "Qarabağ"da da oynasın, "Neftçi"də də. Həm maliyyə cəhətdən imkanları yaxşıdı, həm də komanda planında vəziyyətləri. Hər halda, "Neftçi" flaqmandı, "Qarabağ" da hər il avrokuboklarda oynayan, qrupda çıxış edən komandadı. Gözləyirdim ki, "Sumqayıt"la matçda "Neftçi"yə çox çətin olacaq. Eləcə də "Qarabağ" üçün "Keşlə"ylə. Çünki bu komandanın 5 futbolçusu oynamırdı. Düzdür, "Keşlə"də də zədəlilər var idi. Bundan əlavə,"Qarabağ"da milidən gələn futbolçular var idi ki, onlarda yorğunluq hiss olunurdu. Buna görə də Qurban Qurbanov onlara şans verməmişdi. Hiss edirdim ki, "Keşlə" "Qarabağ"dan xal götürəcək. Həm də "Sumqayıt"ın "Neftçi"dən xal almağına inanırdım. 

- "Neftçi" "Qarabağ"dan 1 xal da olsa geri düşdü, üstəlik, son dövrədə 5 matçını səfərdə keçirəcək. Necə düşünürsünüz, Samir Abasovun komandası toparlana biləcək liderliyi qaytarmaq mənasında?

- Bu dəqiqə gərgin mübarizə gedir və sizə deyim ki, "Neftçi" çox istəklidi. Çempion olmağı həddindən artıq çox istəyir. Amma "Qarabağ"da bu baxımdan təcrübə çoxdu, çünki son 7 ildə çempion olub. Sadəcə, bu komandada yorğunluq kimi bir şey hiss olunur. Ancaq mənə elə gəlir ki, mübarizə axıradək gedəcək və belə düşünürəm ki, "Qarabağ" yenə çempion olacaq. Ancaq istəyərdim ki, "Neftçi" çempion olsun. Çox istəyərdim ki, belə olsun. Çünki futbolçu həyatımı "Neftçi"yə həsr eləmişəm. Bu üzdən hər il istəyirəm ki, çempion olsun. Amma bir az çətin görünür.

- Səbəb?

- Bilirsiniz, stabilik problemi var. Bir oyun görürsən ki, həddən artıq gözəl oyun göstərirlər. Yenə də yaxşı oyun nümayiş etdirirlər. Ancaq elə oyun olur təəssüflər olsun ki, məğlubiyyətlə başa vururlar. Bildiyiniz kimi, "Qarabağ" o dərəcədə səhvlərə yol verən komanda deyil. Buna görə çempionluq şansı məncə, 70-30-un onun xeyrinədi. 

- "Neftçi" məşhur yaponiyalı futbolçu Keysuke Hondanı gətirdi və artıq rəsmən debüt də elədi. Solaxay Yunis Hüseynovun solaxay ulduz həmkarıyla bağlı fikirləri maraqlıdı. Sizcə, Hondanın "Neftçi"yə faydası dəyəcəkmi?

- Əlbəttə ki, təcrübəli futbolçudu. Baxmayın, "Milan"da oynamış bir adamdı (gülür). Düzdür, bu dəqiqə yazırlar ki, lazımsızdı, elədi-belədi. Ancaq sizə deyim ki, təcrübəli futbolçu həmişə komandalara lazımlı olur. Çünki həm gənc futbolçular nəsə ondan öyrənirlər, həm də meydanda təcrübəli oyunçu olanda istər-istəməz oyun tamam başqa cür olur - onun ötürmələri, zərbələri, matçın gedişatını aparmağı baxımından. Honda da tanınmış futbolçudu və məncə, köməyi dəyə bilər. Onun 34 yaşı var səhv eləmirsə.

- Bəli, 35 yaşının tamam olmağına hələ 2 ay var..

- Bu dəqiqə Azərbaycanda 36 yaşda da oynayan var, 37-də də, 35-də də. Yəni, demək olmaz ki, bu, həddən artıq yaşlı futbolçudu - yox, belə deyil. Ola bilər formada deyil, ancaq düşəndən sonra mənə elə gəlir ki, köməyi dəyəcək. 

- Həm də sizin sevimli ifadəniz var - futbolçunun pasportu meydançadı...

- Əlbəttə! Meydança göstərəcək ki, necə səviyyədə oynayır. O gün bir saytda oxudum ki, 54 yaşlı futbolçu yeni müqavilə imzaladı.

- Bəli, bu, hələ də peşəkar karyerasını davam etdirən Yaponiyanın "Yakohama" klubu futbolçusu Kadzuesi Miuradı. Yeri gəlmişkən, Hondanın həmyerlisidi...

- Düzdür, bilmirik hansı səviyyədədi, necə oynayır. Bu, heç, başqa söhbətin mövzusudu. Bir sözlə, yaşın fərqi yoxdu - meydana çıx, yaxşı oyna, qurtardı getdi.

- Belə çıxır ki, yaponların hamısı özlərinə fikir verənlərdi...

- Görmürsən, yaponların hamısı cavan görünürlər (gülür).

- 4-cü pillədə yerini möhkəmlədən "Sumqayıt"ın bu qələbəylə avrokuboklara doğru böyük addım atdığını demək olarmı? Çünki ilk dördlük ikincidən xal fərqinə görə aralanır. Üstəlik, "Sumqayıt" Kubokda da çıxış edir...

- Hələ 7 tur var və hər şey dəyişə bilər. Buna görə qabaqcadan bir şey demək mümkün deyil. Bu, futboldu, 3-4 oyun dalbadal udanda hər şey dəyişir.

- Proqnozum belədi ki, ikinci dördlükdən son dövrədə ən uğurlu çıxış edən, artıq uğursuzluq zolağından çıxan "Sabah" olacaq. Bəs, siz bu haqda nə düşünürsünüz?

- "Sabah" yaxşı komandadı, bunu heç inkar edə bilməz. Heyətində yaxşı futbolçular cəmləşib. Ancaq son matçda "Qəbələ"nin həddindən artıq çox qol imkanı var idi. Mən də belə düşünürəm ki, "Sabah" özünə gəlib və yaxşı oyun nümayiş etdirəcək.

- Bəs, nəticə?

- 4-cü yerdəkinə çatmağına inanmıram. Həmin pilləyə şansını itirib. Ancaq qələbələri olacaq. 

- "Keşlə"dən gedəndən sonra bu komandanın avrokuboklara düşəcəyinə əminliyini ifadə etmisiniz. Yenə bu əminlik sizdə qalır? 

- Bəli. Yəqin ki, diqqətini Kuboka yönələcək. Həmişə demişəm, bundan sonra da deyəcəm ki, "Keşlə" məncə, Avroliqaya (yeni mövsümdən Konfrans Liqası-müəllif.) vəsiqə qazana biləcək. 

- Bunun yolu yalnız Kubokda qalır. "Qarabağ", "Zirə", "Sumqayıt"ın olduğu mübarizədə "Keşlə"nin qalib ayrılmasını real sayırsınız?

- Əlbəttə, buna şansı var. Çempionatda hələ bir dövrə də qalıb və hər şey dəyişə bilər. Ona görə gəlin, tələsməyək. Ya çempionatdan, ya da Kubokdan vəsiqəni qazanacaq. Çempionatda şansı 50-50-di. Ancaq Kubokda fikrimcə, istəyinə çatacaq. 

  

 

MEHMAN SÜLEYMANOV