"Kəpəz" dünənki oyunda futbolu çox gözləyən bir komanda xatırlatdı. Bildiyiniz kimi, 4 ildən sonra ilk dəfə Premyer Liqada çıxış edirdi. Elə bil burda oynamaq aclığı var idi. Futbolçuları meydanın hər bir yerində, hər bir zonasında mübarizə aparırdı. Bu təəssüratı bağışladı və deyim ki, pis təəssürat oyatmadı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"in sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

Gəncə klubu qayıtdığı Premyer Liqada son dəfə məhz bu təcrübəli mütəxəssisin rəhbərliyi altında çıxış edib. Hüseynov əslən də olduğu Gəncənin təmsilçisin ilk turda "Zirə"ylə ev matçında bəyənib: "Komanda 1:2 uduzsa da, yaxşı oynadı. Bu, "Kəpəz" üçün uduzulası bir matç deyildi, qələbə də qazana bilərdi. Əfsuslar olsun ki, müdafiənin bir səhvindən uzatma dəqiqələrində qol buraxdılar və uduzdular. Amma buna baxmayaraq, yaxşı təsir bağışladı. Gəncəlilər yüz faiz 1 xala layiq idi, nəinki buna, sizi inandırım ki, qələbəyə də. Fikrimcə, "Kəpəz" "Zirə"dən çox yaxşı oynadı".

Hüseynov vaxtilə bir yerdə oynadığı, "Kəpəz"də isə köməkçisi olduğu həmkarı Yaşar Vahabzadənin baş məşqçi kimi iş üslubundan danışıb: "Müdafiə xəttində birəbir oynamağı xoşlayan məşqçidi. "Kəpəz"un futbolçuları da belə təkbətək mübarizələrin demək olar hamısında qalib gəlirdilər. İmkan vermirdilər ki, "Zirə" meydanda top saxlasın, topla çox oynasın. Buna görə onu qonaq komandada görə bilmədik".

57 yaşlı mütəxəssis "Kəpzə"dən Premyer Liqaya qayıdışından sonra gözləntisini açıqlayıb: "İlk oyundu, heç nə demək olmur. Necə çıxış edəcəyi ilə bağlı bir şey demək çox çətindi. Bütün komandalar təlim-məşq toplanışından gəlib, eyni səviyyədədilər. Fikrimcə, belə oyunu davam etdirə bilsə, çox komandaya başağrısı olacaq "Kəpəz".

Hüseynov rəqibini paytaxtda - "Dalğa Arena"da qəbul eləməli olan komandanın doğma şəhərdən kənarda qalmasına da toxunub: "Dünənki oyun Gəncədə olsaydı, mənə elə gəlir ki, "Kəpəz" uduzmayacaqdı. Həm də ona görə ki, azarkeşlərin böyük dəstəyi olacaqdı. Hansılar ki, bildiyiniz kmi, "12-ci oyunçu"dular. Düzdür, Gəncədən Bakıya azarkeşlər gəlmişdi. Amma Gəncədə daha çox olacaqdı onların sayı. Həmin azarkeşlərin də qarşısında gəncəlilər xal götürəcəkdi".

Xatırladaq ki, "Kəpəz” ev oyunlarını öz meydanında keçirə bilməməsinə səbəb Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır.

 

 

MEHMAN SÜLEYMANOV