"Real"ın baş məşqçisi Xabi Alonso türkiyəli yarımmüdafiəçi Arda Gülərin irəliləyişini yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis "AS" nəşrinə açıqlamasında yarımmüdafiəçidən daha artığını gözlədiyini bildirib:
"Arda hər cəhətdən inkişaf edir. Onun cəmi 20 yaşı var. Yaşını və keyfiyyətini nəzərə alsaq, onu dəstəkləməliyik. Qərar qəbul etməkdə və pressinqdə bir qədər inkişaf etməlidir. Amma onu da vurğulayım ki, bir çox yaxşı keyfiyyətləri var. O, oyuna çox rəng qatır. Oynayanda komandanın dinamikası daha yaxşı olur. Onun irəliləyişindən çox məmnunam, amma daha çoxunu istəyirik. Virts "Bayer"də də eyni idi. O, gəncdir, amma artıq əla oyunçudur - hələ də inkişaf edir, çox yüksək səviyyədədir".
Güler bu mövsüm "Real"ın heyətində bütün tunirlərdə 18 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Türkiyəli oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.