Vətən - bu ad bizə həmişə doğmadı. Bu ad futbolumuza da tanışdı. Çünki "Vətən" adlı Futbol Məktəbi var. Hansı ki, uşaq futbolunda sayılıb-seçilənlərdən sayılır. Özü də "Vətən" Futbol Məktəbinin tarixi müstəqil Azərbaycanla bağlı deyil, hələ SSRİ dövrünə gedib çıxır. "Vətən"i oxucularımıza daha yaxından tanış eləmək məqsədilə onun qonağı olduq, məktəbin direktoru Mustafa Həsənovla geniş müsahibəmizdə bir sıra mətləblərdən danışdıq, bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq. 

 

(https://sport24.az/bizim-futbol/vetene-futbolchular-yetishdiren-veten---keyfiyyetli-ish-nece-gorulur_---i-hisse)

 

"Final mərhələsinə çıxa bilməyən komandalarımız da çox yaxşı rəqabət aparmışdılar"

- Nəticədən söz düşmüşkən, son mövsümdə "Vətən"in komandalarının liqalarda çıxışlarını necə dəyərləndirərdiniz? Nə dərəcədə razı saldı nəticələr rəhbərliyi?

- "Vətən" son mövsümdə U-10, U-11, U-12, U-13, U-14 Liqalarında çıxış elədi. İki komandamız final mərhələsinə qala bilmədi - U-13 və U-14. Bunun ən böyük səbəbini deyərdim ki, pandemiyadı. İkincisi də bildiyiniz kimi, çempionatlar gec başladı. Biz də istədiyimiz kimi operativ hərəkət edə bilmədik. Başa düşürsünüz, Premyer Liqa klubu deyilik. "Sabah" o barədə birinci yerdə dururdu ki, Premyer Liqa klubudu, orda hər şeyi qaydasına salmışdıq. "Vətən" olaraq yenə də 5 komandayla iştirak etdik, 2-si final mərhələsindən kənarda qaldı. Amma turnirin gedişatına baxsanız, hər ikisinin şansı olmuşdu. Hətta axırıncı turadək. 

- Yəni, rəqabət apara bilmişdilər...

- Çox yaxşı. Hər komandadan xal almışdılar. Final mərhələsinə çıxanlarımızın ikisi həlledici matça qaldı və iki gümüş medalımız oldu. Bunlar 11 və 12 yaşlılar idi. Yarımfinala da çıxdı 10 yaşlılarımız. Orda "Sabah"a uduzdular, sonra da 3-cü yer uğrundakı matçda. Bizdə o mərhələ gedir ki, birgə fəaliyyətimiz nəticəsində "Sabah"ın komandaları qurulur. Hal-hazırda bizim potensial ona imkan verir ki, bir neçə təvəllüdlüləri götürsək, həqiqətən də Azərbaycan çempionatı üçün tam eyni gücdə, rəqabətədavamlı komandalar olsun.

 

"Vətən"in uşaq futbolu ilə bağlı resepti nədi?

- Hamı uşaq futbolundan danışır, problemi onda görür. Amma bu, yalnız danışıqdan ibarətdi, nəinki əməli işdən. Neçə ildir uşaq futbolundasınız. Sizcə, bu sahədə problem əsas nədədi və "Vətən" bu xəstəliyin müalicəsi üçün hansı reseptini verə bilər? Hər halda, müalicə müayinə nəticəsində qoyulan düzgün diaqnozdan çox asılıdı....

- İlk növbədə yaxşı seleksiya. "Vətən"in də gördüyü əsas iş buna söykənir. Pandemiyadan qabaq planımız vardı ki, gücümüz çatsa, Azərbaycanda o məktəb, o dağ kəndi məktəbi qalmayacaq ki, orda hər bir uşağa baxmayaq. Çünki hesab edirəm ki, hamıya baxmırıq, seleksiya tam keçmir. Yaxud baxıb görməyənlər çoxdu. Hər bir qapını, hər bir məktəb sinfinin qapısını döyüb 10 dəqiqə istənilən istedadı çıxarmaq - birinci şərt odu. Çünki nə qədər çox seleksiya edirsən, bir o qədər çox istedad çıxır. Demək ki, bunu tam eləmək, hamını yoxlamaq lazımdı. Təbii ki, buna tək "Vətən"in gücü çata bilməz. İstəyirəm ki, bütün klublarımızda da bölgə fəaliyyəti olsun, maksimum səviyyədə seleksiya keçirilsin. Uşaq futbolunda birinci işimiz, ən çox bəhrəsini gördüyümüz odu - seleksiyanın gücü. İkincisi, valideyn amili. Baxın, uşağın futbola sevgisi var, valideynin isə nə sevgisi var, nə də marağı. 

- Müdaxilə məsələsi...

- Sizə bir misal çəkəcəm, Təhsil Nazirliyinin müəssisəsi olaraq orta məktəblərdə seleksiya etməyə ixtiyarımız var. Yəni, bu baxımdan daha rahatdı bizə klublardan. Məşqçilər girdi, sinif rəhbəri vasitəsilə dəvət etdilər uşaqları seleksiyaya. Xahiş elədik ki, hamı gəlsin - bu, arzuolunandı. Gələn oldu isə cəmi 20-30 faiz. Maraqlandıq, valideyn buraxmır və s. Bir də Bakıda böyük bir, neçə min uşaq oxuyan məktəbdə təsəvvür edin ki, belə bir seleksiya elədik - şagirdin dərsi qurtarır, direktordan xahiş elədim ki, hamıya baxmayılıq. idman müəllimləri, onlar da sinif rəhbərlərinə müraciət elədilər. Misal üçün 2-ci sinfin dərsi qurtarır 11:30-da, uşaqlar yalnız "keta"larını geyinir, gəlir idman zalına, 3-3-ə veririk, baxırıq. Təsəvvür edin, valideynlər narazıdı ki, istəmirəm uşağıma baxmağınızı. Amma baxırıq ki, nəsə var uşaqda. Seçən, adını yazan kimi həmin narazı valideyn vardı ha, əl çəkmir ki, bizdən - bəs, nə vaxt gətirim uşağı və s. Yəni, uşağı seçilən kimi münasibəti dərhal dəyişir. Özümüzün də valideyn olaraq yanaşmamız bir az dəyişməlidi. Ola bilsin, uşağın basketbola istedadı var, bir dəfə yoxlatdırmağa nə etiraz? Fərdi yoxdu, futbol olmasın, basketboldu, voleyboldu, göndərin yoxlatmağa, bəlkə bu istedaddı, bilmirik bunu. Burda valideynlərlə iş prinsipimizi bir az dəyişdik, onları həvəsləndirməyə başladıq ki, sizin uşaqda nəsə ola bilər. Onlar da razılaşdılar və valideynlər arasında yayıldı bu məsələ. Məktəblərdə seleksiyanı çalışdıq elə edək ki, hər bir uşağa baxmaq prinsipiylə olsun. Bu, həddən artıq çox vacibdi.

- Bir məqamı da mən deyim - uşaq məşqçisi savadlı olmalıdı. Bu, yaralı yerimizdi...

- Çox yaralı yerimizdi. Hal-hazırda üzərində ən çox iş gedən həm "Sabah" akademiyasında, həm də "Vətən" məktəbində bu dəqiqə odu. Uşaq futbolunda futbolu bilən adamın olmağı, təməl futbolunu vermək bacarığının olması - bunlar öz yerində. Onunla yanaşı, vacib olan pedaqoq olmağı bacarmalıdı. Məşqçi pedaqoq olmalıdı - mütləq şəkildə! Ona şahid olduq xaricdə. Ümumiyyətlə, uşaqla işləyən kim varsa, birinci növbədə pedaqoji cəhətləri bilməlidi. O, super futbolçu ola bilər, amma ünsiyyəti düz qurmasa, orda psixolji problemlər olacaq və o uşaqdan futboçu olmayacaq! Birinci pedaqoji ünsiyyəti qurmalısan, ikinci, futbolu bilməlisən. Özü də elə-belə yox - fiziologiyanı yaxşı bilməlisən.

 

"Təbriz Həsənovun ən gözəl xüsusiyyəti pedaqoji qabiliyyətinin çox yüksək, peşəkar səviyyədə olmağıdı"

- Hər yaş qrupunda dəqiq bilməlisən ki, hansı fikizi yüklənməni verməlisən, iş metodun hansı yöndə olmalıdı...

- O məsələlərdə bizdə Təbriz Həsənovun böyük rolu var. O, milli komandalarda işləyəndən sonra dərhal bizimlə əməkdaşlıq etməyə başladı. Təbriz müəllimin bizdə baş məşqçidi vəzifəsi, paralel olaraq "Sabah" akademiyasında U-15-dək koordinator kimi çalışır. Orda baş koordinator da bilirsiniz ki, xorvatiyalı mütəxəssis Adino Mustedanaqiçdi. 

- Həsənov Azərbaycanda həm yaxşı futbolçu olub, həm də yığmalarda iş təcrübəsi çoxdu...

- Təbriz müəllimin futbolda peşəkarlığı hadqa danışmağa heç ehtiyac yoxdu. Bir üstünlüyünü də mən deyim - bilmirəm, onu qeyd edən olub, yoxsa yox - ən gözəl xüsusiyyəti pedaqoji qabiliyyətinin çox yüksək, peşəkar səviyyədə olmağıdı - istər məşqçilərlə, istərsə də uşaqlarla ünsiyyətdə. Hətta mili komandada oynayan futbolçuların ona qarşı münasibətini vurğulamaq olar. 5-19 yaşılar arasında uşaqlarla gözəl ünsiyyətinə gözlərimlə şahid olmuşam. Özüm də elə şeyi sevənəm, pedaqoji sahədə magistraturanı da bitirmişəm. Mən də bilirəm o nə deməkdi, söhbət ondan getmir. Amma idmançı ilə danışmaq tamam başqa şeydi. Məşqçilərimizlə də şükür Allaha, neçə illərdi bu yöndə işləyirik. Problemlər var, sizi inandırım ki, məşqçilər barədə iş çoxdu. Amma ildən-ilə bu barədə istədimiz şeylərə nail oluruq.

- Yəni, süzgəcdən keçirirsiniz...

- Bəli, yavaş-yavaş yaxınlaşırıq. Hərdən elə məşqçilər uşaqlardan çox həyəcanlanır, hərdən bu, stressə çevrilir, əsəbə keçir. Onlar da müdrikləşir, təcrübəni toplayır. Bilirsən ki, insan olaraq yaxşıdı, peşəkarlığı var, amma bəzən görürsən ki, səbri çatmır, onun üzərində işləyirik. Təcrübəylə o da düzəlir. Elələri də var, görürük ki, yox, alınmır, yollarımızı ayırırıq, daha uyğun kadrlar tapırıq. Yəni, hər cürə olur. Amma məşqçi üçün çox vacib pedaqoq olmaqdı.

 

"Amin Seydiyev 14 yaşadək bizdə olub, bizdən gedib "Qəbələ"yə, ordan yenidən qayıdıb bizə"

- - "Vətən"dən çıxan Premyer Liqa klublarında olanlara toxunaq...

- Var-var belələri yetərincə. Misal üçün Amin Seydiyev, bizdən gedib "Qəbələ"yə, ordan yenidən qayıdıb bizə. O. 14 yaşadək bizdə olub. Digər yetirmələrimizdən "Sabah"da Şakir Seyidov, Yusif İmanov, "Səbail"də Hüseynqulu Quliyev, "Şamaxı"da icarədə olan "Sabah"lı Elçin Mustafayev. Həmin Vasif Haqverdiyevin komandasından neçə nəfər "Qarabağ-2"dədi. "Kəpəz"də Emil Qasımov və Xalid Mərdanovun oğlu Zahir Mərdanov da bizdə olub. O vaxtı 19 yaşlılarda o qədər iddialı deyildik, amma onlardan çıxan futbolçular da var.

- "Vətən"dəki futbolçular üçün vətənpərvərlik keyfiyyətləri xüsusilə çox vacibdi. Bunu onlara nə dərəcədə aşılaya bilmisiniz?

- Həm Təhsil Nazilriinin bununla bağlı tədbirləri olur, həm də özümüzün daxili. Niyə adımız Vətəndi - təbii ki, bununla bağlı da mütəmadi işlər görülür bizdə. Futbolçuların təhsili də vacibdi, çünki Təhsil Nazirliyi müəssisəyik. Planımızda olan nümunəvi bir model yaratmaqdı - təhsil-idman modeli. Çox çətindi ikisini bir yerdə cəmləşdirmək. Bunu Almaniyada da görmüşük. Amma buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Onun üçün gərək infrastrukturumuzda yenidənqurma işləri başa çatsın. Artıq bundan sonra təhsilə daha çox önəm verəcəyik. Onsuz da önəm vermişik, hətta uşaqlar hansısa dərslərdən geri qalanda, müəllim tutmaq da olub. Amma tam istədiyimizi yaxın gələcəkdə yaradacağıq. İnşallah, ifratsuktur hazır olandan sonra özünüz də buna şahid olacaqsınız. Yenə da bu olacaq "Sabah"la birgə fəaliyyət çərçivəsində - planda olan budu. Elə futbolçu var ki, savadı o qədər çox deyil, lakin minimal dünyagörüşünün, savadının, ingilis dilinin olması üçün hər şey edəcəyik. Çünki bu, çox vacibdi. Bizim futbolçuların beynəlxalq səviyyədə tanınmaları üçün dediyim bu keyfiyyətlər olmalıdı. Öz tarixini bilməlidi ki, ona orda hörmət eləsinlər. İnsan öz tarixini bilməyib gedib hansısa bir xarici kluba düşəndə, davranışın, dünyagörüşün "axsayanda" orda möhkəmlənib qala bilməyəcəksən. Xaricdə hörmət qazanmaq çətin olur. Gedib hamısı görmüşəm - xaricdə təhsil tam fərqlidi, gərək onlara çataq, onlar qədər olaq.

 

"Bir yaralı yerim var ki, 13-14 yaşadək beynəlxalq turnirlədə daha yaxşı mübarizə aparırıq - Top-klublar da olsa belə"

- Azərbaycanda çox istedadlı futbolçular rastınıza çıxıb?

- Bəli-bəli. Hal-hazırda da çox maraqlı uşaqlar var..

- Belə şablon ifadə var ki, Azərbaycanda futbolçu yetişmir...

- Xeyr-xeyr, baxın kuboklara, hamısıyla oynamışıq. Söhbəti nəticəyə gətirmirəm, amma bir yaralı yerim var ki, 13-14 yaşadək beynəlxalq turnirlədə daha yaxşı mübarizə aparırıq - Top-klublar da olsa belə.

- Bəs, sonra nə maneçilik törədir?

- Şəxsi fikrim budu ki, yenə ora gəlir rejim, valideyn, ifrastruktur, məşq və beynəlxalq təcrübənun davamı kimi amillər. Həmin yaşlarda milli komandalar formalaşır. Amma mövsüm ərzində oyun məsələsi var. Neçə xarici mütəxəssislə danışmışam, uşaq hər yaş üzrə böyüdükcə ildən-ilə keçirilən rəsmi oyun sayı limiti var onlarda. Misal üçün 50-70 oyun arası mövsüm ərzində. Onu da təmin eləmək lazımdı. AFFA-nın çempionatı bitdi, 30 oyundu tutaq. Deməli, bir 30 oyun da özümüz eləməliyik - xaricə çıxmaq, daxildə yaxşı turnirlər keçirmək, güclü komandalar dəvət eləmək. Qoy, oynamayan uşaqlar oynasın. Uşaq üçün də ən vacibi 14 yaşından sonra düzgün qidalanması, evdəki rejimidi. Keçid dövrünə gəlib düşür, daha sərbəstlik gəlir, evdən artıq daha çıxa bilir, bu zaman ətrafın necə olmalıdı, evdəki vəziyət. Bir sözlə, çox faktor var. Avropada o yaşda vitaminləşmə 2 dəfə güclənir, eyni zamanda valideynin evdə ona nəzarəti. Bilir ki, keçid dövrüdü, burda artıq hər şey formalaşmağa doğru gedir. Buna görə gərək bu dövrdə daha diqqətli olaq. Və qoymayaq uşağın başı açılsın - yenə aparaq xaricə, gəzdirək, dünagörüşü artsın, yoldaşlıq görüşü keçirək, turnir eləyək. Qoy, tonusdan düşməsin. Başa düşürsünüz, məcburuq bunu eləməyə. Bunu milli elə bilir, 2-3 zədəli futbolçu olur, artıq komanda zəifləyir. Gərək klublar da bunu eləsin. Necə eləsin - çətindi Azərbaycanda, amma eləmək olar. Ən azı nizam-intizam tərəfini düzəltmək olar valideynlərlə. Vitaminləşməni klublar edə edə bilər, eləmək lazımdı. Müəyyən şelyər var ki, onları mütləq düzəltmək lazımdı.

- "Vətən"də vitaminləşmə baxımında imkanlar necədi?

- İmkan elədiyimiz qədər edirik. Təlim-məşq toplanışlarında "Sabah" tərəfindən mütəmadi olaraq edilir. Keçid dövründə fiziki hazırlığa diqqət artırılmalıdı. Fitnesidi, hovuzudu, əzələnin düzgün formalaşmasıdı - o işə peşəkar yanaşmaq lazımdı. Niyə 13 yaşdan sonra onlardan geri qalırıq? Bütün bunlara diqqət yetirmək çox vacibdi. 

 

"Yenidənqurma işləri başa çatandan sonra həm futbol məktəbimiz fəaliyyət göstərəcək, həm də idman liseyimiz olacaq"

- Böyük klublar - "Qarabağ" "Neftçi" sizdən futbolçu alırlar?

- Həmişə maraq göstəriblər. Şərt almaqda da deyil. Bizim komandalar var - "Sabah"ın Futbol Akademiyasının və "Vətən" Futbol Məktəbinin. Hansı halda görmüşük ki, bizdə mövqelər doldudu, həmin mövqelərə bir neçə yaxşı uşaq var, heç vaxt onların başqa kluba gedişinə mane yaratmamışıq. Çalışmışıq ki, gedib orda oynasınlar. Hər bir klubumuzla işbirliyimiz olub. Yalnız "Sabah"a yox, başqa klublara da futbolçu vermişik.

- Futbol həm də biznesdi. Oyunçuların yetişdirmə haqqı kimi maddi qazanc edə bilmisiniz?

- Özümüz daha çox istəyirdik ki, intensiv formalaşaq. Çalışmışıq belə şərtləşək ki, o uşaqlar sizə gəlir, amma sizdən də bizə gəlmək istəyən uşaq olanda, bu, qarşılıqlı hörmət nəticəsində reallaşsın. Kompensiyalar olub bir mexanizmlə. Amma bilirsiniz ki, Oyunçuların Statusu və Transferi haqda Əsasnamə var, işlər buna uyğun tənzimlənsdə, daha yaxşı olar. Bu yöndə işlək mexanizminin olması lazımdı. AFFA mübahisəli məsələlərdə həmişə tərəfimizdə olub.  

- "Vətən" üçün yaxın gələcəkdə qarşıda duran prioritetlər nədi?

- Yaxın gələcək üçün ən vacib olan az əvvəl dediyim təhsil-idman balansının düzgün qoyulması, uşaqların bundan maksimum faydalanmasıdı. Uşağının təhsiliinə də idman qədər önəm verən valideyn  rahatlıqla gəlib ovladını bizə verə bilsin. Hansı ki akademiyamız yenidənqurmadan sonra fəaliyyət göstərəcək. Burda uşaq həm qala, həm də təhsil ala biləcək. 

- Sovet dövründə inkişafa böyük təkan verən idman internatları vardı...

- Elədi, indi bu, idman liseyi olacaq. Eyni zamanda idman məktəbimiz də fəaliyyət göstərəcək. İdman liseyində sırf bölgələrdən orda qalan uşaqlar olacaq. Çalışacağıq ki, futbolçuların çoxu özümüzdə oxusun. Mövsümün nəticələrinə görə özümüz üçün təhlillər aparmışıq. Mütləq qaydada səhvlər üzərində işləməyimiz, çatışmazlıqları aradan qaldırmağımız lazımdı. İnkişaf eləmək üçün həm "Sabah"la birgə fəaliyyət nəticəsində, həm də özümüz "Vətən" Futbol Məktəbi olaraq hər hansı bir inkişafa yönəlmiş işlər görmək şərtdi. Prioritetlər, məqsədlər, hədəflər ancaq budu.

 

 

 

MEHMAN SÜLEYMANOV