"Qarabağ" və "Neftçi" komandaları arasında indiyədək keçirilmiş oyunlarda üç futbolçu het-trik edib. Sport24.az PFL-ə istinadən xəbər verir ki, Azərbaycan derbilərində bunu ancaq Ağdam klubunun oyunçuları bacarıb.
"Köhlət atlar"ın sabiq üzvləri Georgi Adamiya, Reynaldo Silva və Filip Ozobiç "ağ-qaralar"a qarşı bir matçda üç qol vura biliblər.
Tərəflərin duelində il dubla isə Yunis Hüseynov ("Neftçi") 1994-cü ildə imza atıb. Qarşılaşma Bakı klubunun 3:2 hesablı qələbəsi ilə bitib. "Qarabağ"ın ilk dublu isə bir il sonra Müşfiq Hüseynovun aktivinə yazılıb. Həmin görüşdə qalib müəyyənləşməyib - 2:2
Yalnız iki futbolçu 2 dəfə dubla yadda qalıb. Bunlar Mahir Emreli və Kadi Borgesdir (hər ikisi "Qarabağ").
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, 2004-cü ildə 3:1 hesabı ilə qalib gəldikləri matçda "Neftçi"nin futbolçusu kimi fərqlənib.
Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Neftçi" oyunu noyabrın 9-da baş tutacaq.