İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri - 2020" layihəsi üzrə idman jurnalistləri arasında keçirdiyi sorğuda "Qəbələ" İdman Klubunun (İK) prezidenti Fariz Nəcəfov İLİN DÖYÜŞKƏN İDMAN XADİMİ, "Qəbələ"nin İK-nın məşqçisi Bəxtiyar Abbasov İLİN DÖYÜŞKƏN MƏQŞÇİSİ seçilib. Sport24.az xəbər verir ki, hər iki mükafatın təltifetməsi bu gün klubun ofisində baş tutub.

 

Tədbirdə açılış sözü ilə çıxış edən İAM-ın sədri Elşən Məmmədov 2020-ci ilin yekunları - pandemiya və Vətən müharibəsi, idman yarışlarının azalması, habelə döyüşçü idman jurnalistləri haqda məlumat verib. Bundan sonra Vətən müharibəsinin şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

 

Ardından Məmmədov nominatlar barədə məlumat verib. Abbasova mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib. Umudov bütün nominatları, Ali Baş Komandanın rəhbərliyi altında vahid yumruq olan xalqımızı təbrik edib: "Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Daim əsgərlərimizin yanındayıq. Şəxsən Elşən Məmmədova təşəkkür edirəm ki, belə bir məqamda bu cür tədbir keçirdiniz”.

 

Nəcəfova mükafatını PFL-in prezidenti Ramin Musayev təqdim edib. O, çıxışında nominatlar haqda danışıb: “Fariz, sənin çox medalların olub. Ancaq hesab edirəm ki, bu, ən əziz təltifatındı. Çünki Vətəndən şirin şey yoxdu. Əvvəlcə, Bəxtiyardan danışacam. Övladlarım Bəxtiyarla eyni məktəbdə oxuyublar. Bəxtiyar hər zaman zəiflərin yanında olub. O, uşaqlıqdan haqqın tərəfində olub. Fəxr edirik. Bu bir tarixdir. Bəli, Fariz də, Bəxtiyar da danışmır, bu, abırdan qaynaqlanır. Amma danışmaq lazımdı. Şəhidlər barədə danışmaq lazımdı ki, daim yaşasınlar. Sizlər bunu etməlisiniz, şəhidlərimizi yaşatmalısınız, övladlarımız, gələcək nəsil Vətən yolunda edilənlər barədə məlumatlandırılmalıdırlar. Hər birimizin gözü aydın olsun”.

 

Nəcəfov da öz növbəsində hər bir kəsə təşəkkür edib: "Ali Baş Komandana minnətdaram. Bilirsiz, ailəmi, anamı xilas edirəmsə, bu barədə danışmağa ehtiyac görmürəm. Vətən üçün edilən də eyni. Təsəvvür edin, tum satan yaşlı qadın belə bizdən pul almırdı. Deyirdim ki, formama baxma, imkanım var, ay ana. Deyirdi ki, bala, Allah sizi saxlasın, pul almaram. Hər bir vətəndaşa minnətdaram. Biz Ana Vətənimizi, anamızı işğaldan azad etmək üçün döyüşürdük. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə tezliklə şəfa versin. Elşən, dediklərimə görə də danışmaq istəmirəm. Hər biriniz var olun”.

 

2015-ci ildə İAM-ın sorğusunda "Qəbələ" ilin komandası seçildiyindən, mükafat onda bu klubun vitse-prezidenti olan Nəcəfova təqdim olunmuşdu. Həmin vaxt "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. 

 

Xatırladaq ki, 51 Kütləvi İnformasiya Nümayəndəsinin hərəsinin bir idman jurnalisti olmaqla, aparılan səsvermə nəticəsində 8 nominasiya üzrə qalib müəyyənləşib. Qaliblərdən 2-si şəhid - cüdoçu Cəbrayıl Dövlətzadə və futbolçu İlqar Bürcəliyev, 1-i - jurnalist Daşqın Əziz isə qazidir. Onlar müvafiq olaraq İlin Döyüşkən İdmançısı, İlin Döyüşkən Futbolçusu və İlin Döyüşkən İdman Jurnalisti seçilərək təltif olunublar. Eyni zamanda "Qarabağ" İlin Döyüşkən Komandası, Azərbaycan Cüdo Federasiyası İlin Döyüşkən İdman qurumu kimi mükafatlandırılıb. Azərbaycanın yeganə qanuni mərc oyunu "eTopaz" şirkəti xüsusi mükafata - İlin Döyüşkən Şirkəti mükafatına sahib olub.

 

Layihənin baş sponsoru eTopaz şirkəti, sponsoru milli geyim brendi İl Azero şirkəti, informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyidir.