"Bütün rəhbərliyə, azarkeşlərə, komandaya təşəkkür edirəm. Belə çətin oyunlarda hamı bizim yanımızda oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Tellur Mütəllimov deyib.

O, Azərbaycan Kubokunun finalında "Qarabağ"a qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:

"Komandamız çox əziyyət çəkdi. Çempionatda heç-heçələrimiz çox oldu. Son dəqiqələrdə qollar buraxırdıq. Amma kubokda şansımız qalmışdı. Çempionatda da sona qədər mübarizə aparırdıq. Sadəcə sona 2 tur qalmış bəlli oldu ki, avrokubok şansımız əldən çıxıb. Çalışdıq ki, bütün gücümüzü kuboka yönəldək. Şükürlər olsun ki, kuboku qazandıq".

Mütəllimov qələbə qolunu vurması ilə bağlı danışıb:

"Son dəqiqədə qol vurdum. Çox sevincliyəm ki, komandanın zəfərində qol payım oldu. "Qarabağ"la oyunlarda bəzən fərqlənə bilirəm. Uşaqlar dedi ki, bu, sənin oyunundur, yenə də qol gözləyirdilər, inanırdılar. Sağ olsunlar. Son dəqiqələrdə vurduğumuz qola çox sevinirəm".

Oyunçu avrokuboklardakı hədəflərindən də söz açıb:

"Çalışacağıq ki, "Sabah" azarkeşlərini sevindirək. Gözləyək, görək hansı komanda düşəcək. Çalışacağıq ki, hansı komanda düşür-düşsün, mübarizə aparaq".