"Qarşıda bizi vacib və məsuliyyətli oyunlar gözləyir. Litva ilə səfər qarşılaşması asan olmayacaq. Onların Lixtenşteyn üzərində 2:0 hesablı qələbəsi də göstərir ki, ciddi rəqiblə üz-üzə gələcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında keçiriləcək oyunu haqda fikirlərini bölüşüb:
"Belə oyunlarda uğurlu start və ilk dəqiqələrdən topa nəzarətkök çox vacibdir. Tacikistan üzərində qazandığımız 1:0 hesablı qələbəni isə xüsusi qeyd etmək istəyirəm. Düzdür, bu, yoldaşlıq görüşü idi və rəsmi oyunlarla müqayisə etmək olmaz. Amma milli üçün hər qələbənin psixoloji əhəmiyyəti var. Futbolçular qalib gəlməklə özlərinə inam qazandılar. İndi əsas məsələ həmin müsbət enerjini Litva ilə rəsmi oyuna daşımaqdır. Belə qələbələr komandanın daxilində müsbət ab-hav yaradır, futbolçuların özünəinamını artırır. Litva ilə görüşdə ilk növbədə intizamlı və kompakt futbol görmək istəyirəm. Rəqibin güclü tərəflərini nəzərə almaqla yanaşı, öz oyunumuzu da unutmalı deyilik. Millimizin qol epizodlarını daha yaxşı dəyərləndirməsi vacibdir. Tacikistanla oyunda Toral Bayramovun fəallığı və baxımlı qolu, Mahir Emrelinin isə meydana daxil olduqdan sonra matçın ritminə təsiri müsbət məqamlar idi. İnanıram ki, Tacikistan üzərindəki qələbənin verdiyi inam və motivasiya Litva ilə qarşılaşmada da özünü göstərəcək. Millimizə uğurlar arzulayıram. Əsas odur ki, futbolçular meydanda bütün güclərini ortaya qoysunlar".
Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.