"Oyundan əvvəl də bilirdik ki, matç çətin keçəcək. Çünki yaxşı komandaya qarşı oynadıq. "Zirə" Konfrans Liqasında ölkəmizi təmsil edir. Bu gün əks-hücumlardan istifadə etməyə çalışdıq. Futbolçulardan razı qaldım. Meydanda bütün bacarıqlarını qoyduqları, etdikləri tərifəlayiqdir. Səhvlərimiz var və onları analiz edərək, gələcəkdə daha yaxşı oynamağa çalışacağıq". Sport24.az xəbər verir ki, bunu "Kəpəz"n baş məqçisi Yaşar Vahabzadə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

Rəqibi təbrik edən 62 yaşlı mütəxəssisin szölərinə görə, uzatma dəqiqələrində buraxdıqları ikinci qolu öz səhvlərindən və təcrübəsizliklərindən olub: "Ani diqqətsizlik oldu və rəqib bizi əks-hücumda yaxalayaraq fərqləndi. Əvəzetmələrin oyunun gedişatını dəyişəcəyindən ehtiyatlandığım üçün meydana yeni futbolçu buraxmaq istəmədim. Bu gün bizi 1 xal da qane edə bilərdi. Amma lazımsız top itkisindən sonra qapımızda qol gördük. İki oyunçu ilə bağlı problem yaşayırıq. Transfer vərəqələri gəlməyib. Yaxın günlərdə komandaya yeni futbolçular qoşulacaq".

Vahabzadə komandanın çox çətin durumda olduğunu bildirib: "Kənardan maliyyə dəstəyi yoxdur. Sonradan stadion problemi yarandı. Əvvəl dedilər ki, az sayda azarkeşin iştirakı ilə Gəncədə oynayacağıq. Amma sonra eşitdik ki, rəqiblərimizi Bakıda qəbul edəcəyik. Hamı Gəncə azarkeşlərinin çılğınlığını yaxşı bilir. Bölgə komandasıyıqsa, Gəncədə oynamalıyıq. Orada oynasaydıq, hər şey ola bilərdi".