Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə XXII tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.

"Simvolik yığma"

Qapıçı: Nikolas Hagen ("Səbail", 2)

Müdfaiəçilər: Talisson Diaz ("Neftçi", 2) - Kevin Medina ("Qarabağ", 2) - Şəhriyar Əliyev ("Keşlə", 4) - Sərtan Taşkın ("Zirə", 2)

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ", 5) - Patrik Andrade ("Qarabağ", 4) - Keysuke Honda ("Neftçi") - Filip Ozobiç ("Qarabağ", 9) - Tiemoko Fofana ("Sabah", 2)

Hücumçu: Ceyms Adeniyi ("Qəbələ", 2)

Turun BAŞ MƏŞQÇİsi - Qurban Qurbanov ("Qarabağ", 4)

Azərbaycanın ən titullu baş məşqçisi ad günü ərəfəsində inamlı qələbədə əsas pay sahibi oldu. Belə ki, sabah 49 yaşı tamam olacaq Qurbanov komandanı heç da asan olmayan matça yaxşı hazırlamışdı. Hər halda, "Sumqayıt" çətin rəqib idi və bir tur öncə çempionluğa digər iddialı "Neftçi"ni səfərdə 2 cavabsız qolla məğlub etmişdi. Təcrübəli mütəxəssis ilk növbədə rəqibi yaxşı analiz etmiş, yetirmələrinə lazımı göstərişləri vermişdi. Özü də nəzərə alaq ki, Qurbanovun bu matçda heyətlə bağlı yetərincə itkisi vardı. Ancaq çalışdırıcının seçdiyi və taktiki "Sumqayıt" üzərində nəinki qələbəyə, darmadağına da mane olmadı.

Turun QƏHRƏMANı - Abdullah Zubir ("Qarabağ")

Zubir iştirak etdiyi təkcə matçın yox, ümumilikdə turun ən yaxşı fərqlənəni oldu. Abdullah həm parlaq oyunla, həm də dublla yadda qaldı. Əslində, fransalı sol cinah xavbeki Azərbaycan karyerasında ilk het-trikə də yaxın idi. Ancaq onun zərbəsi dirəyə dəydi və qayıdan topu "Sumqayıt"ın qapıçısı Cəmaləddin Xocaniyazov tora göndərdi. Zubir rəqibin müdafiə xəttinə əvəzlənənə qədər bağağrı yaratdı və bu çempionatda ilk dəfə qəhrəman oldu. 

Turun ANTİRQƏHRƏMANı - Səlahət Ağayev ("Neftçi")

"Neftçi" uzun illər "1 nömrəsi" olmuş Səlahət Ağayev cari mövsüm bunadək qayıtsa da, bu, "Zirə"ylə Kubok matçları olmuşdu. Onda da təcrübəli qolkiperin səhvi mübarizəni 1/4 dayandırmaqla nəticələnmişdi. Bu dəfə Səlahət cari çempionatda debütünü Qəbələdə reallaşdırdı. O, ilk hissədə bir neçə epizodda, xüsusilə Ceyms Adeniyi ilə təkbətəkdə inamlı çıxışyla qəhrəman olmağa yaxın idi. Di gəl ki, ikinci hissədə antiqəhrəmana çevrildi. Künc zərbəsindən sonra iki dəfə çıxışda uğursuz oynayan Ağayevin bir dəfə bəxti gətirsə də, digərində kobud səhvi nəticəsində qapısında top gördü.

Onu da bildirək ki, Səlahət Premyer Liqada son dəfə keçən çempionatda üçüncü dövrənin startında "Sumqayıt"la "Bakcell Arena"da 1:1 hesabıyla nəticələnən ev matçında çıxış etmişdi. Bu, 2020-ci ilin fevarlın 1-də olmuşdu. 31 yaşlı Ağayevin 423 gündən sonra dönüşü uğursuz olaraq, Premyer Liqada turun antriqəhrəmanı oldu.  

Turun KOMANDAsı - "Qarabağ" (9)

"Qarabağ" "Sumqayıt"la bu mövsüm səfər matçlarında heç-heçə edərək, qələbə üzünə həsrət qalsa da, evdə darmadağınları reallaşdırdı. "Sumqayıt"ı ikinci dövrədə 6:1 hesabıyla məğlub edən Ağdam təmsilçisi bu dəfə də böyükhesablı qələbəni gerçəkləşdirdi - 4:1. "Qarabağ"ın turun yeganə qalib komandası olmasıyla da öyünə bilər. Məlumdu ki, digər 3 matç bərabərliklə nəticələndi. "Qarabağ"ın ən yaxın izləyicisi "Neftçi" bu turda da büdrədiyindən, lider onunla xal fərqini 3-ə artırdı. 

Turun SİTATı - Ayxan Abbasov ("Sumqayıt", 5)

Turun yeganə məğlub komandasının gənc çalışdırıcısı sitatıyla diqqət çəkdi. Belə ki, 40 yaşlı Abbasov hakimləri oyuna aqressiv hazırlamalarından şikayətləndi: "Xüsusilə dördüncü hakimləri başa düşə bilmirəm, baş məşqçiyə hərəkət etmək imkanı vermirlər. Avropaya baxıb öyrənsinlər".