Azərbaycan Premyer Liqasında (APL) XVI tur arxada qaldı. Sport24.az son turun maraqlı məqamlarından ibarət "Top-5"i təqdim edir.
"Səbail" 61-də sevindi
"Səbail" Premyer Liqada 61 gündən sonra qələbə qazanıb. Aftandil Hacıyevin komandası bunu "Sabah"ı evdə 2:1 hesabıyla məğlub etməklə reallaşdırıb. "Dənizçilər" son qələbəsini keçən ilin dekabrın 20-də - XII turda "Keşlə"ni 2:0 hesabıyla yenəndə qazanmışdı. "Səbail" bundan sonra çempionatda "Qarabağ"la V turdan təxirə salınan görüşü də nəzərə alsaq, ardıcıl 4 matçdı ümumiyyətlə, xal qazana bilməyərək məğlubiyyətləri sıralayırdı.
Maraqlıdı ki, "dənizçilər"in son qələbəsi olanda baş məşqçisi Aftandil Hacıyev iş başında deyildi. Çünki onda bu mütəxəssis koronavirusa yoluxaraq evdə müalicə alırdı, komandanı meydana köməkçisi Emin Ağayev çıxarmışdı. Hacıyevli "Səbail"in son qələbəsi IX turda - 2020-ci ilin noyabrın 7-də "Sumqayıt" üzərində 2:1 hesabıyla olub.
"Qarabağ"la bombardiri dayandı
Söhbət qol seriyasından gedir. Belə ki, "Qarabağ" ikinci dövrə başlayandan bu yana bütün matçlarda qol vururdu. Son dəfə buna nail olmamaq ilk dövrənin axırıncı turunda "Zirə"ylə səfər matçında 0:0-li bərabərliklə baş vermişdi. Qurban Qurbanovun komandası bu dəfə Sumqayıt səfərindən qolsuz bərabərliklə döndü və bununla da seriya 9 oyunluq oldu. Bu müddətdə qapılardan 30 top keçirən "Qarabağ"ın orta məhsuldarlığı 3 qoldan çox olub.
Təkcə Ağdam klubunun yox, cari çempionatımızın bombardiri olan Mahir Emreli isə 4 turdu meydandan qolsuz ayrılmırdı. Bunlar "Zirə", "Sabah", "Səbail" və "Neftçi" ilə görüşlər idi ki, ümumilikdə 5 qol vuran Mahirin bu seriyası cari mövsüm üçün rekorddu.
Bu çempionatda qırmızı vərəqə baxımından antirekordçu olan "Qarabağ"ın kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medinaya daha bir əcnəbi həmkarı qoşuldu, Bu, "Zirə"nin yunanıstanlı stopperi Dmitrios Çantakios oldu. Özü də 55-ci dəqiqədə meydana daxil olan bu müdafiəçi cəmi 6 dəqiqə sonra rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə oldu. Bu, eyni zamanda cari mövsüm ən tez qovulma oldu.
Maraqlıdı ki, antirekordçuları qeydə alan baş hakim yenə Elçin Məsiyev olub. Yeni FİFA referimiz keçən turda Medinanı rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə göstərmişdi. Kevinlə Dmitriosun ilk dəfə meydandan qovulmaları komandalarının ikinci dövrədə "Azərsun Arena"dakı görüşdə olmuşdu. Sadəcə, Çantakios onda 5 dəqiqə 2 sarı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.
"Keşlə"yə qənim
Bu, adıçəkilən komandaya ən çox qol vuran futbolçu - "Zirə"nin mozambikli yarımmüdafiəçisi Klesio Baukdu. Belə ki, bu xavbek "Keşlə"ylə bu çempionatda hər 3 matçda qol vurub. Özü də bunların 1-də dubl etdiyindən, ümumilikdə 4 qoldu. Hətta Bauk "Keşlə"lə görüşdə avtoqol da etməyə imkan tapıb. Yəni, afrikalı bu rəqiblə matçlarda mütləq adını tabloya yazırıb.
Onu da bildirək ki, bu çempionatda eyni rəqibə ən çox qol vuran Namiq Ələsgərov idi. Belə ki, "Neftçi"nin cinah yarımmüdafiəçisi "Qarabağ"la oyunlarda 3 qola imza atıb.
"Qəbələ" tək qalmadı
Yazımızı "Keşlə"ylə yekunlaşdıraraq, bu məqam həmin klubun özüylə bağlıdı. Məsələ ondadı ki, bu paytaxt təmsilçisinin qələbəsiz seriyası 7 matça çatıb. "Keşlə" çempionatda son olaraq IX turda - 2020-ci ilin noyabrın 7-də "Qəbələ"ni 3:1 hesabıyla üstələyəndə qələbə sevinci yaşayıb.
Bu seriyada antirekord "Qəbələ"yə məxsus idi. Belə ki, Elmar Baxşıyevin komandası ilk dövrəni qələbəsiz başa vurmuşdu. Göründüyü kimi, 7 oyunluq qələbəsiz antirekorda artıq şərik var. Sənan Qurbanovun yetirmələri növbəti turda son pilləyə şərik olduğu "Sabah"la səfər matçında qalib gəlməzsə, onda yeni antirekordçu olacaq.