Tanınmış menecer Tural Əsgərov Sport24.az-a müsahibə verib.
- Qış fasiləsini transfer baxımından hansı komanda daha yaxşı dəyərləndirdi?
- Bunu qış fasiləsindən sonrakı oyunlarda görəcəyik. Hansısa klub toplanış üçün Əbu Dabiyə üz tutdusa, Antalyaya gedənlər oldu. Bəzi elita təmsilçiləri bir, bəziləri də üç transfer edib. Bunlara əsasən klubların qış fasiləsini dəyərləndirə bilməyəcəyik. Oyunları izləyəndən sonra bu barədə dolğun fikir bildirə bilərik.
- Bəzi elita klubları fasilə dönəmində I Liqa təmsilçiləri ilə üz-üzə gəldi. Hətta böyükhesablı qələbə qazananlar da oldu. Sizcə, bu matçlar çempionata hazırlıq baxımından faydalı olacaq?
- "Real" və ya "Barselona" kimi komandalar toplanış dönəmində aşağı liqa təmsilçiləri ilə yoxlama oyunları keçirir. Baxır baş məşqçi həmin oyunlardan nə istəyir, nəyə diqqət yetirir.
- Sizcə, AFFA-da legioner futbolçulara tətbiq etdiyi yüksək rüsum klubların transfer siyasətinə təsirini göstərib?
- Yəqin ki, təsir edir. Faktiki olaraq bu bir daha onu göstərdi ki, AFFA-nın legionerlə bağlı ötən il yayında verdiyi qərar çox naşı, ölçüb-biçilməmiş bir addım idi. Azərbaycanda legioner limitini tam aradan qaldırmaq doğru deyildi. Bu, bizim futbolu məhvə doğru aparmaqdır. Limitin ləğvi ilə yanaşı yüksək rüsumun qoyulması o deməkdir ki, pulun varsa, nə istəyirsən elə. Komandalarımız müxtəlif şərtlərdə mübarizə aparırlar. Tam da olmasa, bu həm də idman prinsiplərinin pozulmasıdır. Ola bilər klub olaraq özünə sponsor tapar, himayədarı varlı olar. Klubun büdcəs böyük olarsa, bu başqa məsələ. AFFA-nın büdcəsi geniş olan komandaya əlavə üstünlük yaratmasına da yaxşı baxmıram. Bu, ən böyük yanlışlardan biri idi.
- Çempionluğa iddialı nə "Sabah", nə də "Qarabağ" bu qış hələ transfer etməyib. Necə düşünürsüz, bu heyət hər iki komanda üçün "qızıl" qazanmağa yetərilidir?
- Hesab etmirəm ki, hansısa komanda 1-2 transferlə çempionluğu təmin edə bilər. Çünki uzun marafon üçün oturuşmuş heyətin olması daha önəmlidir. Bu baxımdan "Qarabağ"ın və ya "Sabah"ın çempionluq iddiasının qarşısını rəqibin daha sabit oynaması ala bilər. Yəni, çempionluğa iddialı klubların transfer edib və ya etməməsi "qızıl" uğrunda mübarizə ciddi təsir etməyəcək.