"Sumqayıt" Futbol Klubu valyuta tənzimi qaydalarını pozma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Sport24.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən klub barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
İddiaya əsasən, futbol klubu xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Hazırda protokol məhkəmədə araşdırılır.
Qeyd edək ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbıei Zaur Xudiyev saytımıza verdiyi açıqlamada bunları dedi: "Sumqayıt" Futbol Klubu xaricdən gətirilən mallarla əlaqədar Gömrük Bəyannaməsi vermiş, bəyannamədə texniki səhvə yol verildiyi üçün Mərkəzi Bank malların ölkəyə gətirilməməsi ehtimalı ilə bağlı inzibati xəta halının olub-olmaması ilə bağlı məhkəməyə müraciət etmişdir.
Bu, sadəcə inzibati xəta faktının olub-olmamasının araşdırılması məqsədi ilə edilmişdir.
Mərkəzi Bankın tələbi ilə klub tərəfindən Dövlət Gömrük Komitəsinə gətirilən malların Bəyannaməsi ilə bağlı korreksiya üçün müraciət ünvanlamışdır və DGK-nın razılığı ilə müvafiq düzəliş edilmişdir.
Bu, istənilən qurum və təşkilatın qarşılaşa biləcəyi sadə, gündəlik texniki çətinlikdir və məhkəməyə müraciət prosedur qaydadır.
Bununla bağlı həm DGK-ya, həm də Mərkəzi Banka sorğu verərək müvafiq cavabı ala bilərsiniz".