Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kozo Taşima FİFA prezidentliyinə namizədliyini irəli sürmək üçün sənədlərini təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə "Asahi" telekanalı məlumat yayıb.

 

68 yaşlı funksioner namizəd kimi qeydə alınmaq üçün tələb olunan beş milli futbol assosiasiyasının dəstəyini qazanıb. İndi onun namizədliyi FİFA tərəfindən təsdiqlənməlidir.

 

Bir neçə gün öncə, Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo Avropa futbol assosiasiyalarının nümayəndələrinin dəstəyini qazanaraq seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlamışdı. FİFA-nın hazırkı prezidenti Canni İnfantino da növbəti müddətə namizədliyini irəli sürmək niyyətindədir.

 

Taşima 2016-cı ildən 2024-cü ilə qədər Yaponiya Futbol Assosiasiyasının prezidenti vəzifəsində çalışıb. O, 2015-ci ildən etibarən FİFA-nın idarəetmə orqanlarının üzvüdür.

 

56 yaşlı İnfantino isə 2016-cı ilin fevralından bəri FİFA prezidenti vəzifəsini tutur. İsveçrəli funksioner 2019 və 2023-cü illərdə yenidən seçilib. Hər iki halda o, seçkilərə yeganə namizəd kimi qatılıb.

 

Qeyd edək ki, FİFA prezidenti seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.