Hakan Sünalın adı son günlər "Sumqayıt" camiəsində daha çox qalmaqallı iddialarla gündəmə gəlir. Sport24.az-ın məlumatına görə, "Sumqayıt" Futbol Akademiyasının direktorunun müqaviləsi mövsümün sonunda başa çatır.
Ancaq görünən odur ki, türkiyəli funksioner postunu qorumaq üçün peşəkar yanaşmadan daha çox təzyiq metodlarına üstünlük verir.
Klub rəhbərliyi hələlik ona yeni müqavilə təklif etməyib. Bu isə Sünalı ciddi şəkildə narahat edir. Maraqlıdır ki, o, vəziyyətdən çıxış yolu kimi öz fəaliyyətini, akademiyanın inkişafını və ya gələcək planlarını ön plana çıxarmaq əvəzinə, tamam başqa üsula əl atır.
Belə ki, yaxın çevrəsində "məndə klub rəhbərliyinin səs yazıları var" dediyi bildirilən Sünalın daha sonra "əgər mənə yeni müqavilə verilməsə, həmin materialları yayıb aləmi bir-birinə qatacağam" söylədiyi iddia olunur. Əgər bu deyilənlər həqiqəti əks etdirirsə, söhbət artıq adi narazılıqdan yox, açıq şəkildə təzyiq və şantaj cəhdindən gedir.
Futbolda nəticə vermək, idarəçilik bacarığı göstərmək və etimad qazanmaq tamam başqa məsələdir. Kiminsə əlində hansısa materialın olması və bundan şəxsi maraqları üçün istifadə etməyə çalışması isə etik çərçivələrə sığmır. Xüsusilə də söhbət peşəkar klubun akademiyasından gedirsə. Çünki akademiya gələcəyin futbolçularının formalaşdığı yerdir və burada çalışan şəxslər ilk növbədə nümunə olmalıdır.
Ən diqqətçəkən məqam isə budur ki, Sünalın iddia olunan davranışı onun işini qorumaq naminə nə qədər irəli gedə biləcəyini göstərir. Əgər bir şəxs vəzifədə qalmaq üçün kompromat, səs yazısı və ya təhdid kartından istifadə etməyə çalışırsa, bu, artıq idarəçilik yox, qorxu atmosferi yaratmaq cəhdidir. Belə yanaşma isə heç bir sağlam futbol modelinə uyğun gəlmir.
Hazırda həmin səs yazılarının nədən ibarət olduğu məlum deyil. Bəlkə də ortada ciddi heç nə yoxdur. Amma ortada belə bir təhdid dili varsa, bu özü kifayət qədər düşündürücü məsələdir. Çünki peşəkar futbol mühitində əsas silah görülən iş, yetişdirilən futbolçu və qazanılan etimad olmalıdır. Şantaj dili yox.