UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıda 1:1 hesablı bərabərliyə imza atan “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, Macarıstan çempionunun baş məşqçisi dərhal suallara keçməyə xahiş edib.
- “Qarabağ”ın 4 aparıcı futbolçusu meydanda yox idi. Necə düşünürsünüz, bu, növbəti oyunda çoxmu təsir edəcək?
- Bunu həmin görüşdən sonra deyə biləcəm.
- İkinci hissədə komandanız tam müdafiəyə çəkildim. Heç-heçəyə oynayırdınız?
- Axı, rəqib evdə oynayırdı. Üstəlik, azarkeşlər də komandalarını irəli səsləyirdi. Bəli, əks-hücuma oynadıq. Hava şəraiti də sözünü deyirdi. Ərazi üstünlüyünü versək də, oyuna nəzarəti əldən verməmişdik. Onu da qeyd edim ki, fasilədən sonra da fərqlənmək imkanlarımız oldu. Deməli, tamamən arxaya çəkilməmişdik.
- Siz oyundan razı qaldınız, yoxsa nəticədən?
- Var oyun, var nəticə. Bu haqda komandanla danışacam. Elə məqamlar var ki, bunu ictimaiyyətə açıqlamırıq.
- Ramil Şeydayev vaxtilə Rusiya futbolunun gələcəyi sayılırdı. Onun enişini nə ilə izah edərdiniz?
- Şeydayevi əla tanıyıram. Ancaq rəqib komandanın oyunçusu haqda fikir bildirmək korrektə deyil. Bu suala həmkarım cavab versə daha düzgün olar.
- Mərhələ adlamaq şanslarınızı neçə faizlə qiymətləndirirsiniz?
- 1:1 o deməkdir ki, hər şey təzədən başlayacaq.
- Rusiya mediası və rusiyalı mütəxəssislər azərbaycanlılar üzərində asan qələbə qazanacağınızı bildirirdi. İlk oyundan sonra hansı fikirdəsiniz?
- Bu suala cavab verməyəcəm. Çünki mən belə fikirlərə rast gəlməmişəm.