Şimali Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunun cavab oyununda Rumıniyanın FKSB üzərində qazandıqları qələbəni (2:1, ilk oyun – 1:0) şərh edərkən 3-cü turdakı rəqibi olan "Qarabağ"a da toxunub. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Ağdam klubu ilə görüşdə komandasının şanslarını dəyərləndirib:
"Biz növbəti rəqibimiz olan "Qarabağ"a mütləq hörmət etməliyik. Bu, FKSB kimi, çox ciddi və mütəşəkkil komandadır. Mənim və oyunçularım üçün əsas olan odur ki, formamıza hörmət edək, sona qədər mübarizə aparaq və sonda nəticəni görək".
Qeyd edək ki, "Şkendiya" – "Qarabağ" görüşü avqustun 5-də Skopyedə keçiriləcək.