Ramil Şeydayev milli çempionatda sonuncu dəfə ötən il oktyabrın 31-də qol vurmuşdu: nə az, nə çox - 5 ay əvvəl! Bundan əlavə, "Sabah"ın hücumçusu Qəbələdəki həmin görüşdə heç nəyi dəyişmədi. Komandası 0:2 hesabı ilə geridə idi və Ramilin final fitindən 9 dəqiqə əvvəl vurduğu qol paytaxt klubuna kömək etmədi. Nəhayət, Şeydayev sindromu qırdı. Həmin “Qəbələ”yə vurduğu yeganə qol sayəsində "Sabah" evdə qələbə qazandı. 25 yaşlı hücumçu Sport24.az-ın əməkdaşıyla söhbətində öz qoluna, baş məşqçi dəyişikliyinə və millinin çıxışına toxundu.

- "Sabah" 100 günlük fasilədən sonra qalib gəldi. Hansı keyfiyyətlər sayəsində sindromu qıra bildiniz?
- Oyunçuların fədakarlığı, böyük istək və düzgün şəkildə qoyulan oyun ən yüksək səviyyədə idi. Sözsüz ki, bizdə hələ hər şey alınmır, amma inşallah, hər tur daha yaxşı təsir bağışlayacağıq. 

- Ramil Şeydayev nəhayət, yenidən hadisələrin mərkəzində oldu. Bu qol sənin üçün nə deməkdi?
- Bu qol mənim üçün ilk növbədə komanda üçün 3 xal deməkdi. Çox şadam ki, bu qələbəyə töhfə verə bildim. 

- Özünəinam artdı?..
- İndi də özümə çox əminəm! 

- Ramin Quliyevin baş məşqçi postuna təyinatı komandanın oyununa güclü təsir göstərdi?
- Fikrimcə, bəli. Fasilədən sonra qələbə ilə başladıq və bu, çox müsbət məqamdı. Ümid edirəm ki, gələcəkdə hər şey bizim üçün uğurlu olacaq. 

- Baş məşqçiniz oyunsonrası mətbuat konfransında sənin çıxışınla bağlı sualı cavablandırarkən "Yaxın gələcəkdə fərqli Ramil Şeydayevi görəcəksiniz" söyləyib. Yəqin, razılaşarsan ki, baş məşqçinin etibarı az rol oynamır?

- Sevinirəm ki, mənə güvənən baş məşqçi gəldi. Mən də öz növbəmdə onun ümidlərini doğrultmaq üçün bütün bütün səylərimi göstərirəm. 

- Ramil, turnir cədvəlində vəziyyətiniz çətin sizi razı salar. Fikrincə, mövsümün sonunda ilk dördlüyə düşməyiniz realdı?
- Əlbəttə, realdı. Bəli, bunu həyata keçirməyin asan olmayacağını gözəl başa düşürük, amma bunun üçün bütün gücümüzü qoyacağıq.

- Qarşıda "Səbail"lə matç gəlir. Qələbəyə "stavka" edəcəksiniz?
- İndi bizim üçün istənilən matç qələbəyədi, digər variant sadəcə, yoxdu. Bu, alınacaq, ya yox 0 bunu artıq çempionatın sonunda görəcəyik. 

- Söhbətimizin sonuna milliyə toxunmaq istərdim. Azərbaycan azarkeşi qrupun əsas favoritlərinə iki məğlubiyyətdən sonra nəyə ümid edə bilər?
- Oyunumuzu inkişaf etdirəcəyik və inşallah, növbəti qarşılaşmalarda mümkün qədər çox xal toplayacağıq. 
 

 

MEHMAN SÜLEYMANOV