"Bir neçə futbolçumuzun milli komandaya dəvət alacağını gözləyirdik". Bunu Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib.

Gənc mütəxəssis  futbolçuların milliyə dəvət almamalarına münasibət bildirərək, konkret adlar çəkib: "Təbii ki, hansı futbolçunun millidə olması baş məşqçinin qərarıdı. Amma bizdən heç kim dəvət almadı. Bu barədə futbolçularımızla danışdıq. Onlara bildirdik ki, gələcəyə baxmaq lazımdı. Bu dəfə dəvət olmadısa, öz üzərimizdə işləyib növbəti oyunlar üçün artırmaq lazımdı. Rəhman Daşdəmirovun, Fuad Bayramovun və qapıçı Rəşad Əzizlinin dəvət ediləcəyini gözləyirdik. Millinin baş məşqçisi Canni de Byazi də Şamaxıya səfəri zamanı namizədlərin olduğunu, komanda şəklində yaxşı çıxış etdiyimizi bildirmişdi. Bu dəfə olmasa da, gələn dəfə olacaq. Bu səbəbdən daha da artırmaq lazımdı".

V.Əsgərli gənc futbolçuların da milliyə dəvət almasından söz açıb: "U-21 yığmasına dəvət alan futbolçumuz olmadı. Amma U-20 yığmasına qapıçımız Sahib Həsənov dəvət edildi. Bundan başqa Qurban Səfərov da U-20 yığmasına dəvət edildi, amma özümüzə lazım olduğu üçün verə bilmədik. Bu futbolçu vərəqə cəzalısı olduğu üçün bu dəfə U-21-də çıxış edə bilmədi. Ancaq 2 oyunluq cəzadan sonra yenidən U-21 millimizdə çıxış edə biləcək".

 

 

MEHMAN SÜLEYMANOV