"Səbail" ilə oyun istədiyimiz kimi gedirdi. Qarşılaşmada üstünlük bizdə idi. Qol epizodlarımız olsa da, təəssüf ki, istifadə edə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın futbolçusu Tərlan Quliyev bildirib.
Təcrübəli müdafiəçi ötən gün Birinci Liqanın 14-cü turunda "Səbail" ilə xal itirdikləri oyunu və son dəqiqələrdə hakim tərəfindən ləğv edilən penaltini şərh edib:
"Artıq bir neçə oyundur ki, real qol şanslarından yararlana bilmirik. Buna baxmayaraq, sevindirici hal odur ki, turnir cədvəlində birinci pillədəyik. Artıq növbəti turu, "Mingəçevir"lə oyunu düşünürük. Qarşılaşmanın son dəqiqələrindəki epizod 100 faiz penalti idi. Təkrar-təkrar baxmışıq. Matçı izləyənlər də həmin an penalti olduğunu bildirdilər. Sadəcə, biabırçılıqdır. Ardıcıl 4-5 oyundur ki, 100 faizlik penaltimizi vermirlər. Futboldur, hamımız səhv edə bilərik, amma bu qədər də olmaz. Futbolçuların əziyyətini yerə vururlar".
Qeyd edək ki, bu nəticədən sonra "Şəfa" Birinci Liqada liderliyini davam etdirir. 26 xala malik olan "Səbail" isə, 3-cü pillədə qərarlaşıb.