Yeni mövsümə hazırlığını Bakıda davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə üz-üzə gəlib. 

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib. Elmar Baxşıyevin yetirmələri bu matçdan qələbə ilə ayrılıblar.

İlk yarı “Qəbələ”nin üstünlüyü ilə keçib. İki qol vuran komanda fasiləyə öndə yollanıb. Hər iki qola Ülvi İsgəndərov imza atıb. O, öncə penaltidən hesabı açıb, ardınca fərqi iki topa çatdırıb. “Səbail” fasilədən az sonra penalti ilə fərqi azaldıb. Lakin Faiq Hacıyevin avtoqolu “Qəbələ”nin üstünlüyünü yenidən iki topa çatdırıb. Qarşılaşmanın sonlarında bakılılar daha bir penaltini qola çevirib. Beləliklə, “Qəbələ” Bakı toplanışındakı ikinci oyununda “Səbail”ə 3:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Qəbələ” bundan əvvəlki yoxlama oyununda “Zirə”yə 0:3 hesabıyla uduzmuşdu. “Səbail” isə əvvəlki sınaq matçlarında “Qarabağ”ın əvəzediciləri (0:0) və “Keşlə” ilə (1:1) heç-heçəyə razılaşmışdı.