"Həmişəki kimi "Qarabağ"ı çətin oyun gözləyir". Bu sözləri Spor24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərə təmsilçisi "Çelsi"yə qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:

"Bu turnirdə zəif rəqib yoxdur. Həm də rəqib adlı-sanlı, top klublardan biridir. İngiltərənin böyük komandalarından biri ilə üz-üzə gələcəyik. "Qarabağ" turnir cədvəlindəki yerini möhkəmləndirmək və bir az irəli getmək üçün bu qarşılaşmada xal qazanmağa çalışacaq. Məncə, "Çelsi" ilə duel keçid oyunu sayılır. Ancaq rəqib sıradan bir komanda deyil. Məhz bu səbəbdən çox çətin olacaq. Lakin bunu da deməliyəm, İngiltərə təmsilçisi üçün də asan olmayacaq. Onlar asan qələbə qazana bilməyəcək".

Diniyev kağız üzərində qonaqların favorit olduğunu söyləyib:

"Ancaq bugünkü futbol, proqnozlar onu göstərir ki, favoritlər hər zaman qalib gələ bilmirlər. "Qarabağ"ın bu mövsüm göstərdiyi oyun da bizə ümid verir. Təmsilçimiz özü də "Çelsi" üçün sıradan rəqib deyil. Bakıda onlar üçün asan olmayacaq və meydanda yaxşı mübarizə görəcəyik. İngiltərə komandasının bir neçə futbolçusunun olmaması bizə müsbət yöndə təsir edə bilər. Səhv etmirəmsə, 4-5 oyunçu zədəlidir. Ancaq "Çelsi"də əsas heyət anlayışı yoxdur. Bu komandanın formasını geyinən hər futbolçu bu kollektivə layiq oyunçudur. London klubu kollektiv oyuna üstünlük verir. Hazırkı heyətdə sırf seçilən bir lider yoxdur. Sürətli və dinamik futbol sərgiləyirlər. Rəqibin qarşısını almaq üçün fiziki durum çox önəmli olacaq. "Qarabağ" da avrokuboklarda yetəri qədər təcrübə toplayıb. Komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda noyabrın 5-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də start götürəcək.