Millimizi həmişəki kimi çətin oyun gözləyir. Yığmamızın nə dərəcə hazır olmasını bilmədiyimiz üçün matça proqnoz vermək çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Millinin sabiq baş məşqçisi bu gün səfərdə İslandiyaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə oyunla bağlı fikirlərini bölüşüb:
"Atletik, funksional hazırlığı yüksək olan komandaya qarşı oynayacağıq. Bu oyundan sonra görəcəyik ki, limit ləğv olunduqdan sonra futbolçularımız hansı formadadır. Bir çoxunda oyun praktikası çatışmır, bu, aydındır. Funksional hazırlığın yüksək səviyyədə olması üçün oyun praktikası çox vacibdir. Bunun da bəzi futbolçularda az olması bizi narahat edir. Milliyə uğurlar arzu edirəm. Düşünürəm ki, layiqli mübarizə aparacaqlar. Rəqib sürətli, standart vəziyyətlərdən daha yaxşı istifadə edən komandadır. Ucaboylu futbolçuları var, müdafiəçilərimizi daim təzyiq altında saxlamağa çalışacaqlar. Erkən qol vurub, oyunu sakit məcrada aparmaq istəyəcəklər. Rəqibin gücü bəllidir, islandiyalı futbolçuların bir çoxu xaricdə yaxşı komandalarda çıxış edir. Qarşıda bizi səviyyəli komanda ilə matç gözləyir".
Qeyd edək ki, bu gün baş tutacaq İslandiya - Azərbaycan oyunu saat 22:45-də start götürəcək.