"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Rusiyanın Sport-Ekspress qəzetinin əməkdaşının suallarını cavablndırıb. Sport24.az Adıgözəlovun müsahibəsini müəyyən ixtisarlarla sizə təqdim edir.
- Doğrudurmu ki, "Rostov"un braziliyalı müdafiəçisi İqor Noqeyra bu yay "Sabah"ı ikiqat yüksək maaş müqabilində tərk edib? Yəni siz ona illik 300 000 avro ilə anlaşmanı uzatmağı təklif etdiyiniz halda, Rusiya çempionatının orta pillələrində qərarlaşan bir klub maliyyə çətinliklərinə baxmayaraq, ona asanlıqla 450 000 avro təklif edib?
- Maaşlarla bağlı xüsusi strategiyamız var. Qarşıda Çempionlar Liqasının seçmə mərhələ oyunları olduğu üçün onu komandada saxlamağa çalışdıq. Həm ona, həm də agentinə vəziyyəti ətraflı izah etdik, lakin təəssüf ki - bəlkə də öz ziyanına olaraq - o, "Rostov"u seçdi. Dəqiq bilmirəm, amma güman edirəm ki, ona təklif olunan məbləğ bizdə qazandığının düz iki misli idi. Noqeyra məsələsi ilə bağlı biz komandanın digər üzvlərinə də bunu açıq şəkildə bildirdik: "Dostlar, sizi komandada saxlamağı həqiqətən istəyirik, lakin tələb etdiyiniz məbləğ bizim müəyyən etdiyimiz çərçivəyə sığmırsa, onu sizə təklif edə bilmərik".
- Doğrudurmu ki, komandanızda ən yüksək maaş illik 350 000 avro təşkil edir?
- Təxminən, bəli. Bu, bizim maaş strukturumuza uyğundur. Hətta Çempionlar Liqasına vəsiqə qazandıqdan sonra belə, strategiyamızı dəyişmədik. Futbolçuların yaxşı işin müqabilində əldə etdikləri razılaşdırılmış bonuslar var, lakin Çempionlar Liqasına düşmək avtomatik olaraq orta maaşın artmasına səbəb olmur. Necə ki, uğursuz mövsüm də maaşların azaldılmasına gətirib çıxarmır.
- Bəs Du Keyrozun maaşı nə qədərdir? Bu, onun bu yaxınlara qədər çıxış etdiyi "Zenit"dəki qazancı ilə müqayisədə necədir?
- Bu, bizim müəyyən etdiyimiz limitlər daxilindədir. O, Çempionlar Liqası kampaniyası üçün, yarımmüdafiə xəttini gücləndirmək məqsədilə gətirilib. Braziliyalı bu yay etdiyimiz azsaylı transferlərdən biri idi. "Bazel"ə satılan Aaron Mbumbanın yerini doldurmalı idik, həmçinin heyətə bir hücumçu da cəlb etdik.
- Oxumuşam ki, 2024-cü ildə "Sabah"ın maaş büdcəsi 4,5 milyon avro olub – bu, həmin göstəricidə lider olan "Neftçi"nin büdcəsinin yarısı qədərdir – lakin o vaxtdan bəri bu rəqəm xeyli artıb. Bu, doğrudurmu?
- Qeyd etdiyiniz ilk rəqəm təxminən düzgündür. Əslində, daha aşağı – təxminən dörd milyon idi. "Neftçi"nin büdcəsinin nə qədər olduğunu bilmirəm. Bizə gəldikdə isə, əgər o vaxtdan bəri hər hansı artım olubsa belə, bu, çox cüzi artımdır.