Sabah"ın futbolçusu Boyan Letiçin Sport24.az-a müsahibəsi
- Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunununda Moldova təmsilçisi "Petrokub"a qalib gəldiniz. Oyun haqqında nə deyə bilərsən?
- Matçı çox yaxşı keçirdik, birinci və ikinci qolları tez vurduq, bu da bizə inam verdi. Qoldan sonra dayanmadıq, eyni tempdə davam etdik və üstünlüyümüzü daha da artırdıq. Oyun artıq ilk hissədə həll olunmuşdu. İkinci hissədə isə görüşə daha çox nəzarət etdik, fərqi artırmaq üçün imkanlarımız oldu, amma qol vura bilmədik.
- Belə böyükhesablı qələbə gözləyirdin?
- Bu nəticə artıq fasilədə var idi... Düzü, fasilədə 4:1 olacağını düşünmürdüm... Amma oyunun sonunda belə hesab gözləyirdim.
- Necə düşünürsən, səncə, daha diqqətli olsaydınız, Avropa Liqasında "Çelye"yə də qalib gələ bilərdinizmi?
- İndi, döyüşdən sonra general olmaq asandır. Əgər belə olsaydı, nə baş verərdi? Açığı, bilmirəm. Hər iki cür ola bilərdi. Bu dəfə onların xeyrinə oldu, sabah bəlkə bizim xeyrimizə olar. Futbolda heç vaxt heç nə bilinmir.
- Konfrans Liqasının III təsnifat mərhələsində rəqibiniz Bolqarıstanın "Levski" (Sofiya) kollektivi olacaq. Bu raundu keçə biləcəyinizə inanırsan?
- İnanmaq lazımdır. Çünki inamsız heç nə edə bilməzsən. Əgər əsas mərhələdə oynamaq istəyirsənsə, səndən güclü birini mütləq məğlub etməlisən — başqa yolu yoxdur. Rəqibin kim olmasından asılı olmayaraq.
- Liqa mərhələsinə yüksəlmək şansınız nə qədərdir?
- Buna inanmalıyıq. Əlbəttə, püşkatmada da bir az bəxt lazımdır, zərlərin necə düşəcəyi də önəmlidir...
- Son olaraq Misli Premye Liqası haqqında da fikirlərini oyrənmək istəyirdik. Cari mövsüm çempionluq üçün mübarizə apara biləcəksinizmi?
- İçimdə bir hiss var ki, bu il çox maraqlı və həyəcanlı bir çempionat olacaq. Bir çox detal həlledici olacaq və turnir çox bərabər keçəcək. Biz əlimizdən gələni edəcəyik, sonunda isə necə nəticələnəcəyini görəcəyik.