"Son turda "Qarabağ"ı məğlub etməklə göstərdik ki, istənilən rəqibə qarşı oynaya bilərik və avrokuboka vəsiqə uğrunda sona qədər döyüşəcəyik. Vəziyyətimiz ürəkaçan deyil, buna baxmayaraq, mübarizədən qopmamalıyıq. Əsas odur ki, ilk "dördlük"dən çox uzaq düşməmişik. Qarşıda hələ 6 tur var. 6 oyununun hər birinə final matçı kimi yanaşacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov deyib.


64 yaşlı mütəxəssis "Qarabağ" üzərində qazanılan qələbəni də şərh edib: "Bu mövsüm "Qarabağ"a qarşı oyunlarımız yaxşı alınır. Kubokda 7:1 hesablı məğlubiyyəti çıxsaq, yerdə qalan bütün oyunlarda ağdamlılara qarşı xarakter nümayiş etdirmişik, 2 oyunda isə qələbə qazanmışıq. Geridə qalan matçlarda ağdamlıların qapısından 10 top keçirmişik. Nəinki hansısa klubumuz, heç "Braqa" ilə "Bayer" də belə məhsuldarlıq nümayiş etdirə bilməyib. Ola bilsin, müqayisəm çoxları üçün gülməli olsun. Sadəcə, onu demək istəyirəm ki, Ağdam təmsilçisi nə qədər güclü olsa da, bir oyun istisna, digərlərində onlara "diş göstərmişik" və bu gələn mövsümdə də davam edəcək".

 

Qeyd edək ki, hazırda aktivində 43 xal olan "Sabah" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb

ABDULLA İSMAYILOĞLU