"Oyuna yaxşı hazırlaşmışdıq. Uğurlu seriyamızı davam etdirib 2-ci pillədə möhkəmlənmək istəyirdik, alınmadı. Əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Bu gün sanki bizim günümüz deyildi. Rəqib də bizi yaxşı analiz etmişdi, çox istəkli idilər". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Qismət Alıyev bildirib.

 

Ötən gün öz meydanda "Araz-Naxçıvan"a məğlub olan "Zirə" azarkeşlərini məyus edib. "Qartallar" meydana favorit qismində çıxsalar da Naxçıvan təmsilçisi Elmar Baxşıyevin rəhbərliyi altında ilk qələbəsini rəsmiləşdirib. Qəsəbə təmsilçisinin kapitanı saytımıza açıqlamasında artıq bu oyunu unudub, qarşıdakı matçlara köklənməli olduqlarını da vurğulayıb:

 

"IV dövrə start götürəndə təzyiq altında olacağımızı bilirdik. Bu həssas məqamda xal itkisi gözləyirdik ki, o da "Araz-Naxçıvan"la oyunda baş verdi. İndi bu oyunu unutmalı, amma məğlubiyyətdən dərs çıxarıb qarşıdakı 4 matça ciddi hazırlaşıb, maksimum nəticə qazanmalıyıq. 33-cü turda bizi olduqca ağır Tovuz səfəri gözləyir".

 

Qeyd edək ki, hazırda aktivində 49 xal olan "Zirə" "Sabah"la birgə 4-cü, 5-ci pilləri bölüşür. Şəxsi oyunların balansına görə "qartallar" 4-cü yerdədi. 

 

Polad Azər