Olmayan imicin davası - Utanmasan, oynamağa nə var ki...


Ayıb. Leksik mənada utanılacaq, xəcalət çəkiləcək şey, utanmağa səbəb olan hal; ar, biabırçılıq deməkdi. Bu sözlə bağlı xeyli atalar sözlərimiz var. Onlardan birini yazımın əvvəlində siz oxucularla bölüşüm: "Ayıb söyləyənin ayıbını söylərlər". Səbiriniz çatıb yazının sonuna çatsanız, axırda da birini guppuldadacam.


Kaxaber Tsxadadze "Qəbələ"yə təyin olunan gündən "daş atıb başımı tutdum" ki, qərar səhvdi. Təyinatı fevralın 25-də rəsmiləşəndən bəri "qırmızı-qaralar" keçirdiyi 10 rəsmi oyunun heç birində qələbə qazanmadı. Əslində, elə bu statistika kifayət edir ki, Kaxaya qapı göstərilsin. Ancaq biz bütün ayıbları yazacağıq ki, "Qəbələ" rəhbərliyi papağını qabağına qoyub düşünsün.


Komanda ilə heç bir tanışlığı olmayan gürcü təklif gələr-gəlməz Tiflis Hava Limanına qaçdı. Kişinin oğlu xilaskar imiş. Təlim-məşq keçmək üçün zaman yox, "transfer pəncərəsi" bağlı və ən biabırçısı... qarşıdan "Qarabağ"la təxirə salınmış matç gəlir. Ancaq Kaxa ayağı başından aşa-aşa uçdu Azərbaycana... axı, məsələni uzatsaydı klub rəhbərliyi başqa qapını döyə bilərdi.


Artıq müqavilə imzalanıb, deməli, B variantının vaxtıdı. Tsxadadze oyunçuların fərdi ustalığının aşağı olmasını qabartmaqla özünü "aydan arı, sudan duru" göstərməyə çalışdı. Onun bu yolun yolçusu olmasına dair yazını təyinatı rəsmiləşən gün yazmışdım. 


Ancaq bu variantın Qazaxıstandakı fiasko zamanından fərqli olaraq "Qəbələ"də işləmədiyini anlayan 56 yaşlı məşqçi "hər kəsə sübut edə bilərəm ki, "Qəbələ" Avropa futbolu oynayır" deməklə növbəti dəfə gülüş obyektinə çevrildi. Bu, bilirsiniz nəyi xatırladır? Azyaşlılar məhəllə-məhəlləyə futbol oynayır, tərəflərdən biri iddia edir ki, penaltidi və dediklərini sübuta yetirmək üçün "anam canı" deyir. Və 4 ildən sonra 60 (!!!) yaşı olacaq bir adam da "anam canı"ya ehtiyac duyur. Əslində isə Tsxadadze bu ifadəylə növbəti mövsüm üçün özünə yer etməyə çalışır(dı): rəhbərliyə qiyabi mesaj göndərir(di) ki,  heyəti özü yığıb komandanı növbəti mövsüm Konfrans Liqasının qrupuna daşıyacaq. Hətta İcraiyyə Komitəsi komanda sayının artırılması üçün əl qaldırmasa belə, 1-ci Liqanın qalibi olacaq, 2025/26 mövsümündə Premyer Liqada qarşısına çıxanları parçalayacaq.


Və nəhayət, "Kəpəz"dən alınan məğlubiyyətdən sonra imicinə zərbə dəydiyini iddia etməsi qədər absurd! Hansı imic, Kaxa? Bakı "İnter"inin farm-klubu olan "Standard"ı çalışdıranda harada idi imicin? Axı, gözəl bilirdin ki, hər iki komanda eyni mənbədən maliyyələşir və "İnter"ə 6 xal verməklə yanaşı, "Böyük qardaş"ın rəqiblərini sıradan çıxarmaq boyun borcundu. Bəlkə "İnter"də işlədiyin 5 mövsümdə monumental imic formalaşdırdın, xəbərimiz yoxdu? Ölkə çempionluğu? Sən "İnter"i çalışdırdığın illərdə bukmekerlər "Standard"la oyunlarınıza mərc qəbul etmirdilər. Ayıb olmasın, bilmirsən niyə? Əsl gücün isə avrokuboklarda görünürdü. Hansı ki, çempionluğun Azərbaycan adına heç bir uğur deyildi, bizim üçün imicin qitəmiqyaslı turnirlərdə formalaşmalı idi ki, bunu da bacarmırdın. Elə Qazaxıstan "Kaspi"sindən qovulanda da əsl imicinə layiq payını almışdın.


... Bəli, "Qəbələ" rəhbərliyi son pillədən qurtulmaq üçün mümkün variantlardan biri sayılan məşqçi dəyişikliyinə getdi. Ancaq belə vəziyyətdə komandanı əcnəbiyə etibar etmək səhv idi. Heç Roman Qriqorçuk da (əsl imic sahibidi, yeri gəlmişkən) təyin olunsaydı da, heç nə edə bilməzdi. Çünki lazımi alətlər olmadan ev tikmək mümkün deyil. Yerli mütəxəssisin "Qəbələ"ni xilas edib-etməyəcəyini tam əminliklə deyə bilmərəm, ancaq 10 oyunda heç olmasa 1 qələbə qazanacağına şübhəm yoxdu. Tsxadadzeyə Elmar Baxşıyevdən miras qalan 8 xallıq fərq "necəsə" 17-yə qalxdı. Tsxadadzeyə Elmar Baxşıyevdən qalan ölkə Kubokunun yarımfinalı da hər iki görüşdə uduzuldu. Bilirsiniz kimə? Dünən Elmar Baxşıyevin "Araz-Naxçıvan"la məğlub etdiyi Rəşad Sadıqovun "Zirə"sinə. 


Bilmirəm, "Qəbələ" rəhbərliyi Tsxadadze ilə bağlı nə düşünür. Ancaq onu saxlamaq fikrindədirlərsə, elə 1-ci Liqaya düşsələr yaxşıdı. Kaxaya gəlincə, olmayan imicini heç olmasa onu tanımayanların gözündə qorumaq üçün çemodanını qoltuğuna vurub, qayıtmalıdı dünyaya göz açdığı Rustaviyə. Onunla eyni - 1968-ci ildə Rustavidə yaradılan və dünyaca məşhur Gürcüstan dövlət akademik mahnı və rəqs ansamblının çıxışlarını izləsin, feyziyab olsun. 

 

Vəd etdiyim kimi, yazını atalar sözü ilə tamamlayıram: "Ayıblı ayıbın bilsə, başına palaz örtər".

CEYHUN ƏLİYEV