Ötən həftə "Sabah"a məğlub olan "Səbail" demək olar ki, avrokuboka yollanmaq şansını itirib. "Dənizçilər" mövsümboyu çox çalışsalar da, böyük ölçüdə bu yay da qitəmiqayaslı turnirlərdən kənarda qalacaqlar.  Niyə belə oldu, paytaxt klubunu reallaşdırmaq üçün nə çatmadı? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün komandanın baş məşqçisi Şahin Diniyevlə danışmağı lazım bildik. Təcrübəli mütəxəssis Sport24.az-a müsahibəsində bir çox mövzulara toxunub.

 

 
- Bu ay AFFA-ya yeni rəhbərlik gəldi. Bu dəyişiklikdən gözləntiləriniz?
- Hələlik komanda sayının, liqaların artacağı ilə bağlı söz-söhbət gəzir. Bu məsələnin aktuallaşması, gündəmə gəlməsi çox xoşdu. Fikrimcə, söylənilənləri reallığa çevirmək lazımdı. Liqaların, komandaların sayı artırılmalı, futbolçuların seçimləri geniş olmalı, Premyer Liqa təmsilçilərinə maddi dəstək bir qədər də artmalıdı. Futbolumuzdakı problemlərə kompleks şəkildə yanaşılsa çox şey həll olunacaq. Məncə, düzgün istiqamətdəyik.


- Sizcə, gələn mövsüm çempionluq uğrunda mübarizədə "Qarabağ"a rəqib olacaq, yoxsa ağdamlıların dominantlığı yenə davam edəcək? 
- Reallıq odur ki, "Qarabağ" bu gün bütün klubları üstələyir. Amma onu da nəzərə almaq lazımdı ki, Premyer Liqada mübarizə aparan klubların ümumi səviyyəsi yüksəlib. Özünüz də şahidsiz ki, çempionluq uğrunda olmasa da, avrokuboklara yollanmaq üçün amansız mübarizə gedir. Bu gün 6 komanda qitəmiqyaslı turnirə vəsiqə əldə etmək üçün əlindən gələni edir. Bunun özü inkişafdı. Məncə, gələn mövsümdə klublara maliyyə dəstəyində artım olarsa, daha güclü çempionat görəcəyik.

 


- Keçən mövsüm sizə "Şamaxı", yoxsa "Səbail" elitadan getməlidi" deyə sual vermişdim. Cavabında bildirmişdiz ki, heç bir komandanın aşağı liqaya düşməsini istəmirəm. "Qəbələ"nin artıq sonuncu olacağı rəsmləşdi və idman prinsiplərinə görə, bölgə təmsilçisi elitanı tərk etməlidi. Sizcə, "qırmızı-qaralar"a güzəşt olmalıdı?
- Yenə həmin mövqeyimdə qalıram. Gəlin, məsələyə hərtərəfli yanaşaq. Bu gün "Qəbələ" yeganə bölgə klubudu ki, bazası, infrastrukturu göz oxşayır. Klubun akademiyasında yetərincə istedadlı uşaqlar var. Məhz "Qəbələ"nin yetirməsi olan onlarla futbolçu bu gün digər elita təmsilçilərinin formasını geyinir. İndi bu klub aşağı liqaya düşsə həm özünə, həm də futbolumuza güclü zərbə olacaq. Acı reallıq odur ki, aşağı liqaya düşən komanda toparlanıb, geridönüş edə bilmir. Düzdü, idman prinsipini dilə gətirəcəksiz, hər halda bunu da tənzimləmək olar. I Liqanın 3-cüsü ilə "Qəbələ" pley-off oynaya bilər. Belə olacağı halda idman prinsipi də qorunacaq. Məncə, "Qəbələ"ni itirmək gələcək adına yaxşı heç nə vəd etmir.  

 

- Hamı futbolumuzun inkişafını istəyir. Amma bir tərəfdən də aşağı liqaya düşməyi faciə hesab edirik. Sizcə, yıxılandan sonra ayağa qalxmağı bacarmaq qalxmağı zamanı yetişməyib?
- Təbii ki, doğru vurğulayırsız. Yıxılıb-qalxmağı bacarmalıyıq. Bunun özü bir inkişafdı. Amma məsələ burasındadı ki, komandalarımızın əksəriyyəti, o cümlədən "Qəbələ" də AFFA-dan maliyələşir. Reallıq odur ki, elitada 3 milyon maddi dəstək alan klub, I Liqaya yuvarlandıqda 300 min manat alır. Bundan başqa heç premyer-liqa təmsilçilərimizə sponsorluq etmək istəyən sponsorlar tapılmır, sizcə aşağı liqa təmsilçisinə yaxın duran olacaq? Ona görə də bizim yıxılıb-qalxmaq gücümüz hələ yetərli deyil. Müasir futbolda da sponsorsuz, güclü maddiyat olmadan ayaqda qalmaq mümkünsüzdü.


- Bu mövsüm "Səbail"də istəyinizə nail olmadız. Yəqin ki, artıq yeni "futbol ili"nin planlarını cızırsız...
- Sizə kim deyir ki, istəyimə nail olmamışam? Cari mövsüm üçün istəklərim həyata keçib. Əgər ötən mövsüm elitada qalmaq uğrunda döyüşürdüksə, bu gün avrokuboklar uğrunda mübarizə aparırıq. 7 ayın komandası olaraq çox
inkişaf etmişik. Bundan sonra daha da irəli getməliyik. Fikrimcə, daha iddialı "Səbail" görəcəyik.


- Bu yay Almaniyada Avropa çempionatı keçiriləcək. şahin Diniyev hansı yığma komandaya azarkeşlik edəcək?
- Sizcə, kimə azarkeşlik etməliyəm? Təbii ki, bizə qardaş olan Türkiyəyə.

ABDULLA İSMAYILOĞLU