"Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadənin Sport24.az-a müsahibəsi


- Səfərdə "Qəbələ"ni məğlub etməyi bacardınız. Oyunla bağlı fikirləriniz necədir?
- Matç doğrudan da gərgin keçdi. Buna baxmayaraq biz 3 xal qazana bildik və bu məni çox sevindirir. Qol vurmağım da, əlbəttə ki, mənim üçün əlavə sevincdir.

 

- Komandanın ilk dövrədəki çıxışını necə dəyərləndirərdin...
- Məncə, vəziyyəti yaxşı qiymətləndirmək olar. Komanda yenidir, bir çox futbolçu bizə yayda qoşulub. Üstəlik baş məşqçi və məşqçilər heyəti də dəyişib. Buna baxmayaraq, vəziyyəti normal hesab edirəm.

 

- "Zirə" ilə müqayisədə "Sumqayıt"da daha yaxşı çıxış edirsən. Ümümiyyətlə, performansını necə qiymətləndirirsən?
- Doğrudan da, indi yaxşı formada olduğumu düşünürəm. Amma desəm ki, hazırda formamamın pikindəyəm, bu, yanlış olar. Bilirəm ki, daha da yaxşı ola bilərəm və buna can atıram. Uzun müddət bu səviyyəyə çatmağı gözləmişdim.

 

- Saşa İliç kimi mütəxəssisin belə uğurlu  çıxşında  nə qədər əməyi var?
- Saşa İliç baş məşqçi kimi komandanın uğurlu çıxşında çox böyük rol oynayır. Belə baş məşqçi və məşqçilər heyəti ilə işləməkdən çox məmnunam. Mənə qarşı isti münasibət göstərir, inanır, dəstək olur və etimad göstərir ki, bu da hər bir futbolçu üçün çox önəmlidir. Mən buna görə çox şadam.

 

- Milli komandaya dəvət aldın. İslandiya və Fransa ilə matçdan gözləntilərin...
- Əvvəlcədən proqnoz vermək istəmirəm. Sadəcə, meydana çıxacağım halda bütün gücümü qoymaq, istəyimi və bacarığımı göstərmək lazımdır. Allahın köməyi ilə nəticə də müsbət olar.