“lk turlar hər zaman çətin keçir. İsti hava futbolçulara mənfi təsir edir. Xüsusilə avrokubok matçlarından sonra çempionata keçid edəndə çətinlik çəkirsən". Sport24.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının “Kəpəz”lə açılış oyunundan sonra mətbuat konfransında deyib.

Sadıqov 2:1 hesablı qələbə haqda fikirlərini bölüşrəkən, rəqib çox yaxşı mübarizə apardığını vurğulayıb: "Kəpəz" hər zaman xarakteri ilə seçilib. Baş məşqçisi Yaşar Vahabzadə təcrübəsi ilə seçilir. Müdafiədən oyun qurmaqda ustadır. Sərtan Taşkını cinaha atdıq və son dəqiqələrdə yorğunluğa baxmayaraq qələbə qolunu vurduq. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıdakı görüşlərə daha ciddi hazırlaşacağıq”.

Sadıqov azlıqda qaldıqdan sonra meydandan xalsız ayrılmanın mümkünlüyünü də istisna etməyib: “Hətta ağlımdan məğlubiyyət ehtimalını da keçirirdim. "Kəpəz"in yorulacağını düşünürdüm. Amma sonadək mübarizə apardılar. Hətta ikinci qolu da vurdular. Sadəcə, ofsayd oldu. Bu gün uduza da bilərdik. Futbolçular sağ olsunlar, qələbə qazandılar".

40 yaşlı mütəxəssis büdcənin ayrıldığını, sadəcə, seçimlərlə bağlı yubandıqlarını diqqətə çatdırıb:."Avropa bazarında qiymətlər yüksəlib. İstədiyimiz oyunçuları almaq istəyirik. Alternativ planlarımız da var. Bir az da səbr edib gözləmək niyyətindəyik. Danışıqlarımız davam edir. Qarşıdakı günlərdə bununla bağlı rəhbərliklə görüşümüz olacaq. Ötənilki qiymətə futbolçu gətirə bilmədik. Toplanış vaxtı Türkiyədə 3 klubla eyni oteldə qalırdıq. Əllərində böyük pulla transferlər etməkdə çətinlik çəkirdilər. Orada da başa düşdüm ki, transfer bazarında nə dərəcədə çətinlik var. Futbol belədir. Hər şeyə hazır olmalı və çıxış yolları tapmalıyıq. Bir tərəfdən sevinirəm ki, yerlilərə şans verirəm”.

Gənc mütəxəssis ilk dəfə Premyer Liqada tətbiq olunan VAR sistemindən də danışıb: "Oyunda çox pauzalar oldu. Qol vurandan sonra axıra qədər sevinmirdim. Amma buna alışmalıyıq. Ötən mövsüm yaşadığımız hakim səhvlərinə görə VAR-ın gəlməsini istəyirdik. Ümid edirəm ki, futbolumuza çox xeyri dəyər".

Sadıqov yunan müdüfiəçisi Dmitrios Çantakiasın qırmızı vərəqə aldıqdan sonra formanı yerə atmasına belə münasibət bildirib: "Burada niyyət önəmlidi. O, VAR-ın nəticəsini gözləmək üçün paltardəyişmə otağına yox, meydanın kənarına gəldi".

Baş məşqçi hədəflərdən də danışıb: "Hər komanda ən azından avrokuboklara düşmək istəyir. Biz də bunu hədəfləmişik. Amma mövsümün əvvəlidir, indidən proqnoz vermək çətindir. Bu il də medalçılar sırasında olmaz istəyirik. Lakin rəqiblərimiz də güclənib. Aydın məsələdir, favorit "Neftçi" və "Qarabağ"dır. Biz də əlimizi yanımıza salmayacağıq".

Sadıqov avrokuboklarda qalan təmsilçilərimiz və PFL rəhbərliyndə olan dəyişiklərsən də söz açıb: "Neftçi" dünən ev oyununu möhtəşəm keçirdi. Təəssüf ki, son saniyələrdə qol buraxdılar. Amma hesabda üstündürlər və yaxşı formadadırlar. "Qarabağ"ın "Neftçi" kimi hesab üstünlüyü yoxdur. Amma şanslar bərabərdir. Hər iki komandaya uğurlar arzu edirəm. Mərhələni adlamalarını istərdim. Açığı, yeni sponsor və Ramin Musayevin istefası barədə düşünməmişəm. Çünki işlər çoxdur. Bu yay istərahət edə bilməmişəm. İstərdik ki, hər şey futbolumuzun xeyrinə olsun. Ramin Musayevə xidmətlərinə görə təşəkkür edirik, yeni PFL prezidentinə isə uğurlar arzulayırıq".