Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi”ni 1:0 məğlub edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- İlk yarı bir qədər ehtiyatlı tempdə keçdi. Fasilədən sonra daha aktiv futbol izlədik. Qol vurmağı biz bacardıq. Bundan sonra “Neftçi” bir sıra əvəzetməylə təzyiqi artırdı. Bu gün biz heç-heçəyə də qane olardıq. Ancaq sevindiricidir ki, qalib gəldik.

 

- Uzun illər “Qarabağ”ın kapitanı olmusunuz. Həmin illərdə 4 müdafiəçiylə oynamısınız. Bəs 5 müdafiəçi ilə oyun üslubunu kimdən götürmüsünüz?
- Demək olar ki, biz 5 müdafiəçiylə oynamamışıq. Cari mövsüm bunu 2 dəfə tətbiq etmişik. Kimdən götürmüşəm deyəndə, bu sxemi ən yaxşı Konte tətbiq edir. Ancaq kimdənsə götürməmişəm, sadəcə, hər bir sxemdən istifadə etməyi bacarmalıyıq.

 

- Volkovun durumu nə yerdədi?
- Çiynindən zədələnib. Ola bilər ki, sınıqdı. Dərhal xəstəxanaya aparıldı.

 

- “Neftçi” ən yaxşı təhlil etdiyiniz rəqibdir?
- Elə deməzdim. Onlara qarşı ilk oyunda rəqib daha üstün idi. Çempionatın ikinci matçında oyun daha çox mərkəzdə keçdi. Kubok oyunları fərqli olur. Ümumiyyətlə isə “Qarabağ”la da yaxşı oyunlarımız olub. Həm qolsuz bərabərliklə bitən görüş, həm də 84-cü dəqiqəyədək tabloda əks olunan nəticə (2:2) yetərincə uğurlu qarşılaşmalar idi.