Gənc futbolçuların mübarizə apardığı "Sabahın Ulduzları" U-15 Liqasında bürünc medalların sahibi dramatik mübarizənin sonunda bəlli olub. Sport24.az xəbər verir ki, 3-cü yer uğrunda keçirilən "Qarabağ" – EFA qarşılaşması trillerlə yadda qalıb.

 

Matça cəld başlayan "Qarabağ" artıq 2-ci dəqiqədə hesabı açsa da, EFA tezliklə tarazlığı bərpa edib. "Atlılar"ın yenidən önə keçməsinə baxmayaraq, əzmkar rəqib ikinci hissədə ikinci qolu vuraraq matçı əlavə vaxta daşıyıb — 2:2.

 

Əlavə olunmuş 30 dəqiqədə gərginlik daha da artıb. Əlavə vaxtın ikinci hissəsində 3-cü qolu vuran "Qarabağ" qələbəyə çox yaxınlaşsa da, oyundan qopmayan EFA son dəqiqələrdə cavab qolu ilə hesabı bir daha bərabərləşdirib (3:3).

 

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penalti seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən "Qarabağ" (6:5) bu unudulmaz oyunun sonunda U-15 Liqasının bürünc mükafatına sahib çıxıb.