Konfrans Liqasının I təsnifat mərhələsinin "Torpedo" – "Zirə" oyunundan (0:3) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sport4.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

 

– Rəqibin oyunun əvvəlində sistemi dəyişməsi bizim üçün gözlənilməz oldu. Onların bir çox matçını təhlil etmişdik, amma bu taktika ilə oynamamışdılar. İlk dəqiqələrdə müəyyən çətinliklər yaşadıq. Buna baxmayaraq, futbolçular yaxşı reaksiya verdilər və rəqibin qarşısını ala bildilər. Daha sonra oyunu bərabərləşdirib, üstünlüyü ələ aldıq. Çox vacib qələbə qazandıq. Hamını ürəkdən təbrik edirəm. Üzərimizdə böyük məsuliyyət var idi, istəyirdik ki, ən azından birinci mərhələni keçək.

 

– Püşkatmadan sonra düşünürdünüz ki, belə asan oyun olacaq?

– İki rəqib var idi ki, onlarla qarşılaşmaq istəmirdim. Omlardan biri "Torpedo" idi. Bu komandanın zəngin tarixi, ənənələri və avrokubok təcrübəsi var. Məhz buna görə bu komanda ilə düşmək istəmirdim.

 

– Növbəti rəqib Estoniyanın "Paide" komandası olacaq. Nə düşünürsünüz?

– Bu kollektiv haqqında məlumatım yoxdur. Bəlkə də, artıq təyyarədə onları təhlil etməyə başlayacağam.

 

– Ardıcıl iki qollu qələbənin sirri nədir?

– Rəqibə qarşı keyfiyyətli oyun sərgiləmək istəyirdik. Onları təhlil edəndə görürdük ki, hər komponentdə hazırlıqlıdırlar. Standart vəziyyətlərdə də təhlükə yarada bilən komandadırlar. Məşqçi kimi çox tapşırıq verə bilərsən, amma əsas məsələ onların meydanda necə icra olunmasıdır.

 

– Rəqib azarkeşlər baş məşqçilərini istefaya səsləyirdilər. Belə halla siz də qarşılaşmısınız?

– Həmkarımla yaxşı münasibət yaranmışdı. Dirk Şusterə qarşı simpatiyam var idi. Ona böyük hörmət bəsləyirəm. Oyundan əvvəl də maraqlı dialoqlarımız oldu. Açığı, ona qarşı böyük təzyiq göstərilməsinə görə məyusluq hissi keçirdim.