Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) – "Zirə" (1:0) matçından sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı təəssüratlarını bölüşdü:

 

– İlk dəqiqələrdən rəqib üzərində istədiyimiz təzyiqi yarada bildik, üstünlük qazandıq və qol epizodlarımız oldu. Təəssüf ki, həmin dəqiqələrdə fərqlənə bilmədik. Birinci hissə bizim üçün üstün keçdi. İkinci hissəyə də fəal başladıq, lakin son 15–20 dəqiqədə oyun bərabərləşdi və rəqib təhlükəli epizodlar yarada bildi. Rəqibin avrokuboklar təcrübəsinin olduğunu oyunun sonunda hiss etdik. Allahın izniylə evdəki oyunda rəqib üzərində qələbə qazanıb mərhələni keçmək istəyirik.

 

– İki fərqli hissə izləməyimizin səbəbi nə idi? Birinci hissədə rəqibin qapıya zərbəsi yox idi, ikinci hissə isə tam fərqli keçdi…

 

– Birinci hissədə böyük üstünlüklə oynayırdıq, yaxşı epizodlarımız var idi, lakin istifadə edə bilmədik. İkinci hissədə oyun müəyyən dəqiqələrdə bərabərləşdi, müəyyən dəqiqələrdə rəqib üstün oldu, xüsusilə də standart vəziyyətlərdən sonra təhlükə yaratdılar. Epizodların birində dönən topu uzaqlaşdıra bilmədik, rəqib fərqləndi. Çalışacağıq ki, birinci hissədə göstərdiyimiz futbolu Bakıda 90 dəqiqə ərzində göstərək və qələbə qazanaq.

 

– Legioner limitinin götürülməsi klublara müsbət təsir etdimi və yerli futbolçuların performansında irəliləyiş var?

 

– Bu, dəfələrlə cavablandırdığımız sualdır və düşünürəm ki, bu günün mövzusu deyil. Bu gün limitin bizim oyuna və ya məğlubiyyətimizə heç bir aidiyyatı yoхdur. Rəqib qalib gəldi, biz də çalışdıq. Səfərdə oynayırdıq, bu gün rəqib üstün oldu, amma çalışacağıq ki, Bakıda üstün tərəf biz olaq.