"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçını keçirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇSKA ilə üz-üzə gəlib.Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

"İlk dəqiqələrdən gərgin oyun idi. Çox yaxşı komandaya qarşı oynayırdıq. Birəbir mübarizələri yaxşı yerinə yetirən rəqib var idi. Baxımlı oyun alınmadı. Amma ümumən oyun hər iki komanda üçün tanışlıq idi. ÇSKA bir az bizi çətinliyi salırdı. Fərqli-frəqli sistemlərdə oynaya bilən komandadır. Bizim üçün xoş oldu. Səhvlərimiz oldu. Futbolçular ümumi oyun ritmindən çıxmadılar. Cavab matçı maraqlı olacaq. Daha da çox düşünmək lazım gələn oyun olacaq"

 

- Hava şəraiti oyuna təsirini göstərdi?

- Belə şərtlər hər iki komanda üçün eyni idi. Amma azarkeşlər üçün havanın sərin olması daha yaxşı idi. İsti çox idi. Futbolçular belədə çox enerji itirirlər. Bəzən belə hallarda, bu cür birəbir oynayan bilən komandaya qarşı enerji az olanda istədiyini edə bilmirsən. Azarkeşlər üçün daha sərin hava olsaydı, daha baxımlı oyun olardı.

 

- Elvin Cəfərquliyev bu gün çox istəkli idi. Start heyətə qayıtmaqla mesajını verir? Bruno Lanqanın zədəsi ciddidir?

- Mənim özüm də hələ əsas heyəti tam formalaşdırmamışam. Qarşıdakı günlərdə, qarşıdakı vaxtda bilinəcək ki, Elvin bu cür davam etsə, bəli...Yaxşı olacaqsa, niyə də start heyətini qoymayım? İstər Elvin, istərsə də başqası. Dəyişikliklər get-gedə daha çox olacaq.

 

- Vaxtı ilə "Ludoqorets"ə evdə uduzsaz da, səfərdə onları 7:2 udmuşdunuz. Bu, həminki "Qarabağ"dır?

- Rəqiblər həmişə fərqli olur, bizim də dəyişikliklərimiz olur. İstər heyət, istərsə də oyun baxımından...Futbol o qədər inkişaf edib ki, biz desək ki, Həmin "Qarabağ"ıq...Həmişə düşündüyümüzdən daha yaxşı "Qarabağ" olmalıyıq. Hamı bizə hörmətlə yanaşır, hamı bizə fərqli gözlə yanaşır. Daha ciddi, daha məsuliyyətli...Biz bunu hiss ediriksə, biz ancaq daha yaxşı olmalıyıq. Bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı olmaqdır. Ola bilər ki, bu gün alınsın, sabah alınmasın. Ancaq biz olduğumuz yerdən daha yaxşı olmalıyıq ki, stabil nəticələrimiz olsun.

 

- Bolqar jurnalistlər ÇSKA-nın baş məşqçisini heç-heçəyə görə təbrik edirdi. Sizin üçün bu heç-heçə nə deməkdir? Cavab oyununda sürpriz ola bilər?

- Səfərdə oynayırdılar. Evə sərfəli nəticə ilə dönürdülər. Niyə də sevinməsinlər? Bəlkə də nəticədən çox komandanın göstərdiyi performansa görə sevinirdilər. Son vaxtlarda bildiyim qədərilə, komandadan narazılıq var idi deyəsən. Amma bugünkü komanda göstərdiyi performansa görə razı qalıblar. Normaldır. Cavab oyunundakı nəticəyə gəldikdə, biz Sofiyaya qalibiyyət çünü gedəcəyik. Belə oyunlar elədi ki, sürpriz deyə, bəlkə bunu qəbul etmərəm. Çünki aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir. Hər ikisi də köklü komandadır, Avropa təcrübəsinə malik komandalardır. Biz hansısa lap böyük komanda deyilik ki, uduzsaq sürpriz olsun. ÇSKA-nın da gücü var ki, biz səviyyədə komandaya qalib gəlsinlər. Biz 100 faiz cavab oyununda daha diqqətli, daha səbirli oynamalıyıq. Çünki yaxşı məşqçiləri var, azarkeşlərin hörməti olan futbolçu olub. İndi də hər dəfə fərqli sistemlər oynadır, bu da onu göstərir ki, daim rəqibi analiz edir. Mən buna sürpriz kimi baxmıram. Bizim də gücümüz var ki, onlara qalib gələk. Onların da gücü var ki, bizə qalib gəlsin.

 

- Rəqiblər nə qədər güclü olsa belə, "Qarabağ" adətən oyunlar ərzində saysız-hesabsız qol epizodları yaradırdı. Bu gün o qədər də çox deyildi. Bu, yenilərin hələ ki adaptasiya prosesindən, sistemə öyrəşmək prosesindən keçdiyini göstərirdi? 

- Səbəblər çoxdur. Həm yeni kollektiv, həm ümum hazırlıq,həm rəqib..ÇSKA çox bərk rəqib idi, ələlxüsus da müdafiədə bacarıqlı kollektiv idi. Çox sürətli əks-hücumları var idi. Birəbir müdafiə olunmaqdan həzz alırdılar. Səbəblər çoxdur. Dəfələrlə demişəm ki, biz bəzi nüanslar var onu özümüzdə axtarmalı və onu yaxşılaşdırmalıyıq.