"Əvəzedici komanda olaraq ilk növbədə gənc futbolçuların inkişafına baxırıq. Bu mövsüm onlardan razı qaldım. Mütəxəssislər, futbol adamları kənardan komandamız haqda müsbət fikirlər söyləyirlər. Futbolçularımız bəzi klubların maraq dairəsinə düşüb ki, bu da bir inkişafdır". Bu sözləri Sport24.az-a açıqlamasında"Neftçi-2"nin baş məşqçisi Rəşad Abdullayev deyib.
Paytaxt klubunun ikinci komandasının çalışdırıcısı mövsümü belə dəyərləndirib:
"Düzdür, çempion ola bilmədik. Qarşımıza çempionluq hədəfi qoyulmasa da, "Neftçi" olaraq həmişə yüksək yerdə olmaq istəmişik. Futbolçularda bəzi axsamalar oldu. Bunu özlərinə demişəm. Ağadadaş Salyanski əsas komandadan gəlib bizi pis vəziyyətdə qoydu. Yetirməmizdir, inandığımız futbolçumuz olub. O, uşaqların əziyyətini daha çox bilirdi. Heyətdə olan heç bir futbolçu həmin hərəkətə yol verə bilməz. İşlədiyim yerdə nizam-intizam birincidir. Ağadadaşın etdiyi hərəkət matçın qırılma anı oldu. Hamının əziyyətini yerə vurdu".
Qeyd edək ki, Əvəzedicilərin Liqasında "Sabah-2" çempion olub.