Karyerasında "Real"a qol vurmuş futbolçunun Azərbaycanda oynamaq imkanı olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Lüksemburq millisinin üzvü Sebastyen Till yay transfer dönəmində Azərbaycan klublarından birinin maraq dairəsinə düşüb.
Hazırda 32 yaşı olan yarımmüdafiəçiyə ölkəmizdə karyerasını davam etdirmək təklif edilsə də, futbolçu Azərbaycana gəlmək istəməyib.
Till Polşa təmsilçisi "Stal"dan ayrıldıqdan sonra vətəninə qayıtmağa üstünlük verib və "Differdanj"la anlaşıb.
Futbolçu ilə maraqlanan Azərbaycan klubunun adını hələlik dəqiqləşdirə bilməmişik.
Xatırladaq ki, Sebastyen Till 2021/2022 mövsümündə Moldovanın "Şerif" klubunun formasını geyinib. O, UEFA Çempionlar Liqasının qrup mərhələsində İspaniyada "Real"ı 2:1 hesabı ilə məğlub etdikləri matçda komandasının qələbə qoluna imza atıb.