"Misli Premyer Liqasının 4-cü turu göstərdi ki, çempionatda artıq komandalar real güclərini ortaya qoymağa başlayırlar. İlk turlarla müqayisədə həm nəticələr, həm də oyun keyfiyyəti baxımından müəyyən mənzərə formalaşır". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri Misli Premyer Liqasının 4-cü turunun oyunlarını şərh edib:
"Turun ən böyük sürprizi "Sabah"ın "Zirə"ni 5:0 hesabı ilə məğlub etməsi oldu. Bu nəticə "Sabah"ın hücum potensialını göstərməklə yanaşı, "Zirə"nin müdafiəsində ciddi problemlərin olduğunu ortaya çıxardı. "Neftçi"nin "Şəfa" ilə görüşdə 4:1 hesablı qələbəsi də diqqət çəkdi. "Ağ-qaralar" mövsümə iddialı başladıqlarını nəticələrlə təsdiqləyirlər. Komandanın hücumdakı məhsuldarlığı xüsusilə müsbət məqamdır".
Sadıqov "Turan Tovuz"un "Sumqayıt, "Qarabağ"ın isə "Araz-Naxçıvan" üzərindəki qələbəsinə də münasibət bildirib:
"Qarabağ" "Araz-Naxçıvan" üzərində 3:2 hesablı qələbə qazansa da, müdafiədə bəzi problemlər yaşadı. Ağdam klubunun üstün tərəfi isə çətin anlarda belə nəticəni öz xeyrinə dəyişə bilməsidir. "Turan Tovuz"un "Sumqayıt" üzərində qələbəsi isə fərqli müzakirə mövzusu yaratdı. Komanda 2:1 hesablı qələbə qazansa da, azarkeşlərin oyundan narazılığı göstərir ki, nəticə hər zaman kifayət etmir. Kurban Berdiyevin qarşısında komandanın oyununu yaxşılaşdırmaq və tərəfdarların etimadını qazanmaq vəzifəsi dayanır".
Qeyd edək ki, 4-cü turda "Qarabağ" "Araz-Naxçıvan"dan üstün olub. (3:2). "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı məğlub edib. (2:1). "Kəpəz" "Şamaxı"ya (1:4) uduzub, "Qəbələ" "İmişli"yə (2:1), "Sabah" "Zirə"yə (5:0), "Neftçi" "Şəfa"ya (4:1) qalib gəlib.