"Napoli"nin şotlandiyalı yarımmüdafiəçisi Skott Maktominay "Real"a keçid ehtimalı ilə bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, 29 yaşlı futbolçu "Corriere della Sera"ya müsahibəsində vaxtilə onu "Mançester Yunayted"in əsas komandasında debüt etdirən Joze Mourinyoya böyük hörmət bəslədiyini bildirib.
Maktominaydan portuqaliyalı mütəxəssis onu "Real"a dəvət etsə, təklifi qəbul edib-etməyəcəyi soruşulub. Şotlandiyalı futbolçu isə belə cavab verib:
"Əgər belə bir şey baş versə, bunu düşünərəm".
Qeyd edək ki, Maktominay 2017-ci ildə məhz Mourinyonun rəhbərliyi altında "Mançester Yunayted"in əsas komandasında debüt edib. Portuqaliyalı mütəxəssis daha sonra şotlandiyalının potensialına inandığını dəfələrlə vurğulayıb.
Maktominay 2024-cü ildə 30,5 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"dən "Napoli"yə transfer olunub. O, İtaliya klubunda ilk mövsümündə 35 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə 45 matçda 14 qol və 3 assistlə çıxış edib.
Şotlandiyalı futbolçu 2024/25 mövsümündə A Seriyasının ən yaxşı oyunçusu seçilib və "Qızıl top"a namizədlər sırasında yer alıb. Maktominay hazırda ürək ritminin pozulması ilə əlaqədar müalicə alır.
Futbolçu Londonda əməliyyat olunacağını və daha güclü şəkildə meydanlara qayıdacağına inandığını bildirib.