"Dörd oyuna cəmi 1 xal toplamışıq. Təbii ki, bu nəticə bizim üçün qənaətbəxş deyil, daha yaxşı çıxış edə bilərdik. Amma digər tərəfdən, keçirdiyimiz oyunlara da nəzər salmaq lazımdır. Ümumilikdə, "Qəbələ" istisna olmaqla, qarşılaşdığımız rəqiblərin hamısı çempionluğa və yüksək yerlərə iddialı komandalardır".
Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın yeni prezidenti Ceyhun Sultanov deyib.
Klub rəhbəri bildirib ki, komandanın qarşılaşdığı rəqiblərin səviyyəsi də nəticələrə qiymət verərkən nəzərə alınmalıdır:
"Neftçi", "Sabah" və "Qarabağ" kimi komandalarla oynamaq heç vaxt asan olmur. Onların heyətində kifayət qədər keyfiyyətli və təcrübəli futbolçular var. Əlbəttə, belə rəqiblərlə görüşdə xal qazanmaq istəyirsənsə, meydanda maksimum mübarizə aparmalı, səhvləri minimuma endirməli və yaratdığın imkanlardan istifadə etməlisən. Biz də bundan nəticə çıxarmalıyıq. Geridə qalan oyunları yox, qarşıda bizi gözləyən matçları fikirləşməliyik. baxmalıyıq. Əsas məsələ komanda şəklində toparlanmaq, məşqlərdə daha çox çalışmaq və buraxdığımız səhvlər üzərində işləməkdir. İndi bütün diqqətimizi "Turan Tovuz"la qarşıdakı oyuna yönəltməliyik. Bu matça komanda olaraq çox ciddi hazırlaşmalıyıq. Rəqibin güclü və zəif tərəflərini analiz edib, oyunun planını düzgün qurmaq vacibdir. Meydana çıxanda hər bir futbolçu üzərinə düşən məsuliyyəti dərk etməlidir. Artıq nəticə qazanmağın vaxtıdır. Futbolçular həm özləri, həm də komanda üçün məsuliyyət daşıyırlar. Azarkeşlər də bizdən yaxşı nəticələr gözləyirlər. Buna görə qarşıdakı oyunlarda daha istəkli, daha aqressiv və daha intizamlı olmalıyıq. "Turan Tovuz"la matçda maksimumumuzu ortaya qoyub, meydanı yaxşı nəticə ilə tərk etməyə çalışacağıq. Bundan sonra isə hər oyuna eyni məsuliyyət və qələbə əzmi ilə yanaşmalıyıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" 4 turdan sonra 1 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.