"Atletiko"nu çalışdıran Dieqo Simeone qələbə sayına görə La Liqa tarixində ən uğurlu məşqçi olub. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis bu tarixi nailiyyətə çempionatın XIII turunda "Xetafe" üzərində qazanılan 3:0 hesablı qələbədən sonra imza atıb.

 

Bu, 56 yaşlı məşqçinin İspaniya yüksək liqasındakı 345-ci qələbəsi olub. Bununla da Simeone hesabında 344 qələbə olan Luis Araqonesə məxsus əvvəlki rekordu geridə qoyub. O, bu nəticəyə La Liqada keçirdiyi 567 oyunda nail olub.

 

Simeone 2011-ci ilin dekabrından bəri "Atletiko"ya rəhbərlik edir. Komanda onun rəhbərliyi dövründə bütün turnirlərdə 817 oyun keçirib və 8 titul qazanıb. Baş məşqçinin Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

 

"Atletiko" cari mövsümdə 13 turdan sonra 31 xalla turnir cədvəlində III pillədə qərarlaşıb. Komanda lider "Barselona"dan 5, "Real"dan isə 2 xal geri qalır.