"Mingəçevir"lə matç həmişə çətin keçir. Rəqib yaxşı formalaşmış komandadır. Hər iki komandanın qələbə qazanmaq şansı var idi. Bir xalı bizim üçün qənaətbəxş hesab etmək olar". Bu sözləri Sport24.az-a Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"ın prezidenti və kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu komandasının 12-ci turunda "Mingəçevir"lə "sülh" bağladıqları oyunu şərh edib: 

"Oyun zamanı futbolçular arasında insident yaşandı. Olmasaydı daha yaxşı olardı, amma bu da futbolun bir parçasıdır. Oyunçular arasında söz-söhbət olur. Yaxşı ki, ciddi dava və qırmızı vərəqə olmadı. 12 oyuna 12 xal qazanmışıq. İstəyərdik daha çox xal qazanaq, yuxarı pillədə olaq. Təəssüf ki, bunu fasiləyə qədər edə bilmədik. Komandada çətinlik, problemlər çox oldu. Elə oyunlar oldu ki, heç nədən xal itirdik. Bizim hələ də yuxarı yerlərə qalxmaq şansımız var. Yanvardan sonra çalışacağıq turnir cədvəlinin üst pillələrinə yüksələk. İtirdiyimiz xalları sığortalamaq şansımız olacaq". 

Qeyd edək ki, "Şahdağ Qusar" Birinci Liqada 12 turdan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb.