Qış fasiləsində klublarımızın yollarını ayırdığı yerli futbolçulardan hələ də kənarda qalanlardan biri Nicat Qurbanovdu. Keçən ilin qışında Gürcüstandakı "Samtredia" karyerasını başa vuraraq Vətənə dönən 30 yaşlı hücumçu "Keşlə"yə keçdi. Amma Nicat bu komandada əsas heyətdə möhkəmlənə bilmədi, cari mövsümdə isə ümumiyyətlə, meydana çıxmadı. Qurbanovla əlaqə saxlayaraq yaranmış vəziyyət, gələcək perspektiv haqda soruşduq. 

- Karyeramla bağlı susqunluqdu. Qış fasiləsində heç bir variant olmadı.

- Bəs, Gürcüstana qayıtmaq?

- Belə deyim, ötəri bir söz-söhbət oldu, amma ciddi bir şey yox. Sadəcə, "Samtredia"ya qayıtmaq variantını deyirdilər. Lakin danışığım olmadı. Ara söhbətləri oldu, mən də mətbuatdan oxuyurdum. Amma rəsmi bir şey olmadı. "Keşlə"yə gəlməmiş isə "Saburtalo" variantım vardı ki, bu, real idi. Ancaq bu təklifi dəyərləndirmədim, Vətənə döndüm.

- Buna görə sonradan peşman oldun?

- Əlbəttə ki, var belə bir peşmançılıq. Klublarımızdan heç bir təklif yoxdu, sakitçilikdi. Həm də qış fasiləsi olduğundan, açığı, heç gözləmirdim də bir variant. Çox da üzülmədim vəziyyətimə, çünki təkliflə bağlı gözlənilən bir şey yox idi. Hələ ki fərdi məşq edirəm.

- Cari mövsümün ilk yarısında 1 dəqiqə belə oynamadın, indi də yarım il oynamayacaqsan. Səncə, 1 il kənarda qalan futbolçuya nə dərəcədə ehtiyac olacaq yay fasiləsində? Üstəlik, artıq 30 yaşın var....

- Çətin bir şeydi. Bəli, yaşım da az deyil. Görək necə olur, indidən bir şey deyə bilmərəm. O vaxtadək, mövsümün sonuna yaxın daha intensiv məşqlərə başlayaram formaya düşmək üçün. Amma bir zaman lazımdı, o vaxtadək çox şey dəyişə bilər fikirlərimdə.

- Belə çıxır ki, unudulmusan, artıq lazım deyilsən klublarımıza?

- Belə görünür (gülür) Bu sözü demək istəməzdim, amma fakt olaraq elə görünür. Əlbəttə, reallıq var və bunu qəbul eləmək lazımdı. 

- Bunda özünü günahkar sayırsan, yoxsa...?

- Günahkar deməzdim, sadəcə, səhvlər olur. Bu da hamının karyerasında baş verir. Böyük səhvim oldu ki, Azərbaycana qayıtdım. O da məcburiyyətdən oldu. Gərək dişimi sıxıb qalardım, dönməzdim.

- Geri dönmək ailə məsələsinə görə idi?

- Bəli-bəli. Fikirləşirdim ki, yaxşı ola bilər, qapı açıldı. Düzdü, "Keşlə"ylə Azərbaycan Kubokunun qalibi oldum. Amma bunlar keçmişdə qalır, qabağa baxmaq lazımdı. Düşünürəm ki, səhv addım atdım qayıtmaqla bağlı. 

- Ciddi problem idi ki, qayıdası oldun?

- Ciddi deyəndə ki, 2-3 ay səbrli olub o dönəmi keçə bilərdim. Sadəcə, belə bir təklif oldu. Həm də burda maddi cəhətdən üstünlük vardı deyə fikirləşdim razılıq verim. 

- Karyeranı bitirmək haqda düşünürsən?

- Arada gəlir-gedir bu fikirlər. Belə bir şey ola bilər, bu variant fikrimdən keçir.

- Növbəti addım futbolda qalmaq?

- Məşqçilik oxumaq üçün sənəd verəcəm. Bundan sonra artıq baxacağıq gedişat necə olacaq. 

- Hamı Premyer Liqada oynamağa can atsa da, unutmayaq ki, bizdə I Divizion da, hətta Region Liqası da var. Bəs, bunlarda oynamaq variantına necə baxırsan? Ümumiyyətlə, aşağıdan təklif almısan?

- Yox. I Divizionu xoşlamıram demək böyük bir səhv olar. Sadəcə, futbolçu qarşısına məqsəd, yol qoyur. Dediyiniz liqalarda oynamağa özümü hazır saymıram. Psixoloji cəhətdən də buna hazır deyiləm. Mənim üçün psixoloji durumdan daha çox şey asılıdı. I Divizonda gedib oynamaq - özümü orda görmürəm. 

- Bir sıra tanınmış futbolçularımız, keçmiş komanda yoldaşların, hətta milimizin sabiq üzvü Cavid İmamverdiyev I Divizion - "Kəpəz"ə gedib...

- Bu, onların baxışıdı, yanaşmasıdı. O mənada demirəm ki, çox güclüyəm, özümə sığışdırmıram, özümü orda görmürəm. Sadəcə, özümü psixoloji planda hazırlaya bilmərəm. I Divizion iştirakçısı olan "Keşlə"nin əvəzedicilərində yayda məşq elədim. Səviyyə fərqi şübhəsiz ki, öz sözünü deyir. Buna görə hələ ki orda özümü görmürəm. 

 

 

MEHMAN SÜLEYMANOV