"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün böyük nailiyyətdir". Sport24.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda qarşılanma mərasimində danışıb.
Mütəxəssis komandanın UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Çox sevinirik. Klub olaraq bu illər ərzində əziyyət çəkmişik. Turnirin 22-ci komandası olduq. Azərbaycan futbolu üçün böyük nailiyyətdir. Xalqımızı və futbolçuları təbrik edirəm".
Qurbanov pley-offdakı potensial rəqibləri də dəyərləndirib: "Elə səviyyədə komandalar var ki, onları bir-birindən ayırmaq olmaz. Maksimum mübarizə aparmağa çalışacağıq".
tarix yazan komandanın baş məşqçisi azarkeşlərə də müraciət etməyi unutmayıb:
"Onlara təşəkkür edirəm. Bizə əlavə motivasiya verirlər. Bu uğur onların haqqıdır. Bir daha göstərdilər ki, bizim yanımızdadırlar".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.